Əsas səhifə 

Azərbaycanda idman uğurla inkişaf edir.

“İdman, bədən tərbiyəsi, hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir.” – Heydər Əliyev
Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində öz fəallığı ilə seçilir, yeniliklərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan gənclərinin bir çox sahələrdə olduğu kimi, idman sahəsində də uğur qazanması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Bildiyimiz kimi, Dövlət Gənclər Siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Bu siyasətin həyata keçirilməsi üçün 1994-cü ildə Ulu Öndərin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.
Bugün gənclərin vətənpərvərlik ruhlunda tərbiyə olunmasına, onların intellektual potensialının inkişaf etdirilməsinə, sağlam həyat tərzinin təbliğinə, peşəkar kadrların hazırlanaraq dövlət qurumlarında aparıcı vəzifələrdə irəli çəkilmələrinə, yaradıcı və istedadlı gənclərin aşkar olunmasına yönəlmiş tədbirlər Gənclər və İdman Nazirliyi tərəfindən davamlı olaraq həyata keçirilməkdədir.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət dövlət başçımız İlham Əliyev tərəfindən bugün uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın vacibliyini qeyd etməsək olmaz. Azərbaycan gəncləri üçün həlledici sınaqlardan biri də Vətən müharibəsi oldu. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunmasında idmançı əsgər və zabitlərimizin xüsusi rolu olmuşdur. Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək bayrağımızı yüksəklərdə dalğalandıran idmançılarımız, 44 gün ərzində davam edən döyüşlərdə böyük şücaət və mərdlik göstərərək, üçrəngli , müqəddəs bayrağımızı doğma Qarabağımızda dalğalandıdılar. Bununla da Azərbaycan gəncliyinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdilər.
Bildiyimiz kimi, bugün ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək göstərməsi, onları daha da ruhlandırır. Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı günü-gündən artmaqdadır. Növbəti uğurumuz 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında əldə edilib. Güləşçilərimiz ölkəmizi bu yarışda layiqincə təmsil edərək 7-si qızıl olmaqla 16 medal qazanıblar. Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çempionatının iştirakçılarını qəbul edib.
Görüş zamanı dövlət başçımız çıxışında qeyd etmişdir : “Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Qalib ölkənin qalib gəncləri olaraq inanırıq ki, qarşıda idmançılarımızı daha böyük yarışlar və qələbələr gözləyir. Biz Birlikdə güclüyük!
Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi – Fidan Nəsirli

Daha çox xəbərlər