Ucarda taxıl əkinlərinin birinci vegetasiya suvarması aparılır
Ucar rayonunun taxılçıları əkin sahələrində birinci vegetasiya suvarmasını davam etdirirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimov bu barədə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin məhsulu üçün 14 min 427 hektarda payızlıq taxıl əkilib və hər yerdə normal çıxış alınıb. Əkin sahələrinin 6463 hektarı buğda, 7964 hektarı isə arpadır. Hazırda bütün ərazilərdə zəruri aqrotexniki tədbir olan birinci vegetasiya suvarması aparılır. Artıq 6463 hektar sahə suvarılıb. Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Müsüslü, Bərgüşad, Yuxarı Şilyan, Lək və bir sıra digər kənd icra nümayəndəliklərində birinci vegetasiya suvarması mütəşəkkilliklə davam etdirilir.
Bitkiçilik sektorunun müdiri ona da bildirib ki, suvarma Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılan 11 nəfərdən ibarət monitorinq qrupunun nəzarəti altında aparılır.

