“Bütün bunlar onun göstəricisidir ki, xalqımız qəhrəmanlarını unutmur…”
“Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Biz bu günki zəfərimizi Ali Baş Komandanımız başda olmaqla, şəhidlərimizə, qazilərimizə borcluyuq. Xudayar da o vətən oğullarındandır ki, canını bu vətən yolunda qurban elədi və əlbəttə dillər əzbərinə çevrildi”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elçin Həşimov Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadə haqda danışarkən deyib. Xalq artisti Xudayarın bir təsnif ifa etməklə dillər əzbərinə çevrildiyini bildirib:
“Bəlkə də illərlə sənətdə olub heç bir ad qazana bilməyən ifaçılarımız var. Amma Xudayar bir dənə o təsnifi oxumaqla dillər əzbəri oldu. Çünki ən böyük zirvə olan şəhidlik zirvəsinə ucaldı. Onun oxumağı ürəkdən, vətən torpağının üstündə olduğu üçün ifa çox gözəl alınıb. Xudayarın nəsli musiqiçidir. Həm də bu torpaqdan gələn gücdür ki, Xudayar orda mahnını elə oxuyub ki, hər kəsin qəlbinə dastan olaraq yazılıb. Əlbəttə, yeni doğulan körpələrə Xudayar adının verilməsi məni çox sevindirir. Biz özümüz də dünyanın bir neçə ölkələrində “Xudayar təsnifini” ifa etmişik. Bütün bunlar onun göstəricisidir ki, bizim xalqımız qəhrəmanlarını unutmur və onların adını əbədi olaraq yaşadacağıq”.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günə qədər 17 uşağa Xudayar adı verilib. Son illər ölkəmizdə Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 82 körpəyə Xudayar adı verilib.

