Siyasət 

Azərbaycan idmançıları bu gün qalib ölkəni, müzəffər xalqı təmsil edirlər.

Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.
Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir.
Bu barədə Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən bildirib.
Bu münasibətlə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edən dövlətimiz başçısı deyib: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür.
Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə , ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.
Güləş milli idman növüdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər.
Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir.
Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada layiqincə təbliğ edirlər. İdman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır. Bolqarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq Qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.
Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.
İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən ərazilərimizi raket atəşinə tutaraq mülki əhalinin qətlinə, yaralanmasına səbəb oldular. Bunlar dünyanın gözü qarşısında baş verdiyi halda, yenə də seyrçi mövqe davam etdi. Ermənistanın beynəlxalq hüquqa zidd hər bir addıma dünyanın göz yummasının 44 günlük Vətən müharibəsinə yol açdığı bəllidir. Dünyanın bəzi ölkələrində gedən müharibələrin fonunda beynəlxalq ictimaiyyət Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, əlbəttə ki, idmançılarımız üçün əlavə bir stimuldur. Çünki böyük nüfuza malik olan ölkəni təmsil edirlər. Bugünkü və gələcək nəslin nümayəndələri artıq yarışlarda müzəffər ölkəni təmsil edirlər və hər zaman da belə olacaq. Çünki Qələbəmiz əbədidir. Qarabağı düşməndən azad edən, o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.
Nərmin Hüseynzadə
Zəngilan rayon İcra Hakimiyyətinin əməkdaşı

Daha çox xəbərlər