Siyasət 

Azərbaycanlı idmançılar beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir

Azərbaycan idman dövlətidir və Azərbaycanda xüsusi diqqət ayrılan sahələrdən biri də məhz bu sahədir. İdman növləri arasında xüsusi diqqət ayrılan sahə isə güləşdir. Güləş Azərbaycanın milli idman növüdür və ölkəmizdə bu idman növü xüsusi ənənələrə malikdir. Bütün dövrlərdə ölkəmizdə güclü güləşçilər olmuşdur. Günümüzdə də xüsusi diqqət ayrılan və gənclərimizin marağını cəlb edən əsas idman sahələrindən biri güləşdir. Bolqarıstanda keçirilmiş 7-ci Avropa çempionatında güləşçilərimiz tərəfindən əldə olunmuş uğurlar güləşin Azərbaycanda nə qədər inkişaf etdiyini nümayiş etdirir. Belə ki, azərbaycanlı güləşçilər bu yarışlarda 7-si qızıl olmaqla 16 medal qazandı. 34 ölkə idmançısının iştirak etdiyi bu yarışda komanda hesabında birinci yeri tutan Azərbaycanın Dövlət Himni yeddi dəfə səsləndirildi. Bu qürur həm idmançılarımızın, həm də bütün Azərbaycan xalqının qürurudur.
Qazanılan uğur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman sahəsinə və gənclərimizə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. İdmanda uğur qazanmaq üçün əsas amil – idmançılar üçün şəraitin yaradılmasıdır. Bu sahədə Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə bu sahədə düzgün addımlar ataraq idmanda istənilən nəticələri əldə edir. İdmanda əldə olunan yüksək nəticələrin digər bir səbəbi isə uğurla həyata keçirilən beynəlxalq əlaqələrdir. Ölkəmiz ilə Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin sıx və səmərəli əlaqələrinin mövcudluğu Azərbaycanda idman siyasətinin düzgün aparılmasında kömək göstərir. Azərbaycanda aparılan idman siyasətinin prioritet vəzifələrindən biri də idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etməkdir. Bunun üçün Azərbaycanın əksər bölgələrində müasir olimpiya idman kompleksləri yaradılmışdır. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunması əsas tələblərdən biri hesab olunur.
Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Elə buna görə də, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Çinki vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynayan amillərdən biri olmuşdur. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bunun nəticəsi olaraq Azərbaycan 30 ilə yaxındır beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunsa da, artıq qalib və müzəffər ölkə kimi təmsil olunur. Bu gün təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları yaşadıqları ölkələrdə özlərini əmin hiss edirlər. Ona görə ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Bütün bunları biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı şanlı zəfərə borcluyuq.
İdman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğurlar qazanırlar. Azərbaycan da artıq bu ölkələrin sırasında dayanır. Biz əminik ki, yaxın gələcəkdə belə yarışlar işğaldan azad olunmuş ərazilərdə keçiriləcək və Azərbaycan idmançıları daha böyük nəaliyyətlər qazanacaqdır.

Daha çox xəbərlər