Aprelin 1-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək
Aprelin 1-i saat 11-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Qəbələ Mədəniyyət Mərkəzində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların agentliyin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri cavablandırılacaq və diqqətə çatdırılan məsələlərin həlli istiqamətində tədbirlər görüləcək.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar martın 31-dək adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Qida Təhlükəsizliyi Agentliyinin info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Eyni zamanda Qida Təhlükəsizliyi İnstitutunun həmin regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Müraciət edən hər bir vətəndaş pandemiya dövrünün tələblərinə uyğun olaraq, əvvəlcədən qeydiyyatdan keçdiyi siyahı və şəxsiyyətini təsdiq edən sənəd əsasında qəbula buraxılacaq.

