Cəmiyyət 

İdman həm də çevik siyasətdir

Ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi, Avropa Oyunları Komitəsi ilə həyata keçirdiyi uğurlu əlaqələr Azərbaycanda idman siyasətinin gündən-günə genişlənməsini sübut edir. Respublikamızda idmanın kütləviliyinin təmin edilməsi Azərbaycanın bütün bölgələrində mövcud olan idman infrastrukturundan geniş istifadə edilməsi bunun əyani təsdiqidir. Əgər faktlarla desək, artıq 50-yə yaxın zəngin idman kompleksləri inşa edilərək idmançılarımızın sərəncamına verilib. Bu baxımdan həyata keçirilən bütün idman tədbirləri iştirakçılarının gündən-günə bu sahədə təkmilləşdirilməsinə, yeni-yeni uğurlar qazanmasına kömək edir.

Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında gənc güləşçilərimizin qazandığı uğurlar dünya mətbuatında geniş əks-səda doğurub. Həmin yarışlarda qazanılan16 medaldan 7-si qızıl medal idi. Komandamızın simasında ölkəmizin bu yarışda birinci yerə layiq görülməsi Azərbaycanın uğurlu idman siyasətinin parlaq təzahürüdür. Qoca qitədə birinciliyi əldə etmək əlbəttə ki, böyük nailiyyətdir. Bunu yalnız güc, qüvvət paralelləri ilə ölçmək kifayət olmazdı. Əsas həmin bölgədə ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycan Dövlətinin Himninin səslənməsi mənəvi cəhətdən ölkəmizin böyüklüyünü bir daha gündəmə gətirdi. Həmin gün hər bir Azərbaycanlı üçün yad ölkələrdə səslənən Dövlət Himnimiz və dalğalanan, ucaldılan üçrəngli bayrağımız hamımızın qürur mənbəyinə çevrildi, mənəviyyatla güc, qüvvət bir araya gəldi.

Məlumdur ki, idmançılarımız Azərbaycanı dünyada bir daha tanıtdırıb təbliğ edir, ölkəmizin zəngin tarixi keçmişini və indisini bütün dünyaya qürurla sübut edirlər. Uzun illərin təcrübəsinə əsaslanan bu ənənə həm bilik, həm də səriştə çalarları ilə dünya miqyasında önəmli yerlərdən birini tutmağını sübut edir. Azərbaycan el arasında tez-tez deyildiyi kimi həqiqətən də güləşçilər diyarı olmuşdur. Hətta qədimlərdə belə toylarda, el şənliklərində pəhləvanlar daş qaldırmış, güləşmiş, yarışlar keçirmişdilər. Gənclər belə şənliklərdə həmişə fəal iştirak etmiş, öz pəhləvanlarını maraqla izləmişlər. Güləş Azərbaycanda idmanın ən qədim, sevimli, milli növü kimi həmişə şan-şöhrət ocağı sayılmışdır. Nəsildən-nəsilə, eldən-elə keçərək belə ənənələr Azərbaycanı dünyada bir daha şöhrətləndirmişdir. Bu günlərdə 34 Avropa ölkəsi arasında qazandığımız qələbə bir daha buna sübutdur. Son illərin bu uğurları özbaşına, elə belə əldə edilməmişdir. Ölkəmizdə böyükdən kiçiyə qədər hamı yaxşı bilir ki, bu qələbələrimizin təməlində Müzəffər Ali Baş Komandan, sosial, siyasi-iqtisadi parametrlər üzrə həmişə müstəqil siyasət yeridən Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti dayanır. Artıq 30 ildən çoxdur ki, beynəlxalq arenalarda, həm də əlavə edək ki- siyasi arenalarda belə Azərbaycan qalib ölkə kimi təmsil olunur. Cənab İlham Əliyevin qətiyyətli, daimi rəhbərliyi ilə Qalib ölkə imici ilə şöhrətlənən respublikamızın dostları, təəssübkeşləri getdikcə artır. Burada bir el məsələni xatırlamaq yerinə düşərdi: “Qaliblərin dostu həmişə çox olar”. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizin necə deyərlər, ayağı sayalı, düşərli oldu. Qələbə qələbə dalınca gəlir. Çoxminli, ümumxalq Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Dəmir yumruğu idmançılarımızın əldə etdiyi qələbələrin sırasındadır. Bir vaxtlar öz qisasçılıq işğalçılıq əməlləri ilə fəxr edən bədnam qonşumuz ermənilər indi dalbadal qazandığımız bu uğurlara baxdıqca xar olur, öz çirkin, könhə hücrələrinə qayıdırlar.

28 illik işğaldan azad edilmiş, qarşıdan gələn uğurlu azadlıq baharı ilə  çiçəklənməkdə olan Qarabağımızda da tezliklə idman inkişaf edəcəkdir. Bəli, Böyük qayıdışı, şanlı Zədərlərimizi modern yollarla reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə orada müasir idman kompleksləri, geniş stadionlar inşa edilib idmançılarımızın istifadəsinə veriləckdir.

Tahir Məmmədov,

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, respublikanın Əməkdar jurnalisti

Daha çox xəbərlər