Cəmiyyət 

AQTA-da qida sahəsində nəzarət sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı kollegiya iclası keçirilib

Martın 28-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin növbəti kollegiya iclası keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda ölkəmizdə həyata keçirilən qida təhlükəsizliyi sisteminin yeni çağırış və müasir tələblərə uyğun daha səmərəli təşkili, həmçinin nəzarət sisteminin təkmilləşdirilməsi və bu tədbirlərin daha çox tənzimləyici rola malik olmasının təmin edilməsi, bu sahədə şəffaflığın və effektivliyin artırılmasına dair bir sıra məsələlər müzakirə olunub.

İclasda ötən dövr ərzində qida zənciri üzrə həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin nəticələri müzakirə olunub, eyni zamanda, bu günədək aparılmış araşdırmaların nəticələri təhlil edilərək müvafiq inzibati tədbirlərin görülməsi barədə qərar qəbul edilib. Kollegiya iclasında inzibatçılıqda yeni prinsiplərin tətbiq edilməsi və qarşıya qoyulan məqsədlərə nail olunması üçün kadr islahatlarının aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, kadrların bilik və bacarıqlarının yeni çağırışlara uyğun qiymətləndirilməsi işlərinin mütəmadi aparılması, kadr potensialının gücləndirilməsi üçün təlimlərin təşkil edilməsinə dair qərar qəbul edilib.

İclasda AQTİ laboratoriyalarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə daxili nəzarət və idarəetmə sisteminin və laborator sınaqların aparılması ilə bağlı icra müddətlərinin təkmilləşdirilməsi istiqamətində işlərin icrası qərara alınıb.

Qeyd edək ki, kollegiya iclasında qəbul edilən qərarlardan irəli gələrək, AQTA sədrinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Belə ki, agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Əkbər Əliyev vəzifəsindən azad olunaraq Daxili nəzarət və regional bölmələrlə iş sektorunun baş məsləhətçisi vəzifəsinə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi” departamentinin müdiri Fərid Əliyev agentliyin Qida təhlükəsizliyi şöbəsinin müdiri, Qida zəncirinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Şəhla Yusifzadə isə agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib. Müvafiq əmrə əsasən agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdir müavini Nərminə Şabanovaya həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə olunub. Həyata keçirilən kadr islahatları çərçivəsində agentliyin Bakı Regional bölməsinin rəis müavini Elçin Məmmədov tutduğu vəzifədən azad edilib. Agentliyin Bakı Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun müdiri Hüseyn Abdullazadə isə vəzifəsindən azad edilərək həmin bölmənin İdxal və ixraca nəzarət sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub.

Daha çox xəbərlər