“İndi DTX-da əsas meyar peşəkarlıqdır, sədaqətdir” – onlar 103 ildir təhlükəsizliyimizin keşiyində dururlar
Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam oldu.
Öncə xatırladaq ki, bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
Mərhum prezident, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub, Dövlət Təhlükəsizliyi Xidməti yaranana qədər bu xüsusi xidmət orqanının imici olduqca aşağı düşmüşdü. Səbəb bəllidir. Amma Eldar Mahmudovun gedişindən və Əli Nağıyevin DTX-ya rəis təyin olunmasından sonra qurum qısa zamanda cəmiyyətin rəğbətini qazanmağı, itirilmiş nüfuzunu bərpa etməyi bacardı. Burada xüsusi olaraq, memar kimi ölkə prezidenti İlham Əliyevin apardığı köklü islahatları da xüsusi olaraq önə çəkmək vacibdir. Bu islahatların mühüm tərkib hissəsi kimi, Ali Baş Komandanın 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılmasını qeyd etmək olar. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.
Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.
Əli Nağıyevin peşəkarlığını, uğurlu fəaliyyətini bir sıra nazirliklərdə, eləcə də rayon icra hakimiyyətlərində aparılan peşəkar əməliyyatlarda gördük. Cinayərkarların iş başında yaxalanması xalqın bu quruma olan etimadını göylərə qaldırıb.
II Qarabağ savaşında da sözün həqiqi mənasında DTX xarüqələr yaratdı. Əminliklə söyləmək olar ki, Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.
Müharibənin başa çatmasından sonra da təhlükəsizlik orqanları işğaldan azad olunmuş ərazilərdə xidməti fəaliyyətini uğurla davam etdiriblər.

Hikmət Babaoğlu: “Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətini tamamilə yenidən inşa etməyi bacardı”
YAP-çı deputat Hikmət Babaoğlu Ə.Nağıyevin DTX-nı yenidən inşa etdiyini söylədi: “Hər bir ölkənin milli təhlükəsizliyi daima ən aktual məsələ olmuşdur və olmaqda da davam edəcək. Xüsusilə tarixin indiki mürəkkəb mərhələsində və olduqca həssas region olan Cənubi Qafqazda bu milli vəzifənin öhdəsindən gəlmək böyük əmək və peşəkarlıq tələb edir. Eyni zamanda milli təhlükəsizlik həm də milli etimad hadisəsidir. Çünki təhlükəsizlik orqanları dövlətin vacib institutsional qurumu olmaqla vətəndaşların dövlətə inamını təyin edir. Çox təəssüf ki, bir müddət bu vacib dövlət qurumu keçmiş rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində xeyli dərəcədə gözdən düşmüş, ictimai etibarını itirmişdi. Onun bərpa edilməsi vacib sosial strateji vəzifə idi. Sevindirici haldır ki, DTX-ya Əli Nağıyev kimi peşəkar kadrın rəhbər təyin edilməsi qısa müddətdə bu vacib quruma inamı bərpa etdi. Əli Nağıyev dövlət təhlükəsizlik xidmətini tamamilə yenidən inşa etməyi bacardı. Vaxtilə, yəni 1967-69-cu illərdə böyük dövlət xadimi Heydər Əliyevin bu qurumda yaratdığı ənənələri və zəruri təcrübəni yenidən dirçəltdi. Milli dövlətimizə ictimai inamı bərpa etdi. Bu isə hazırda dövlət təhlükəsizliyimizin təmin olunması üçün olduqca vacib idi. Artıq sıradan Azərbaycan vətəndaşı əmindir ki, təhlükəsizlik xidməti məhz onun təhlükəsizliyini təmin edir. Bu mühüm sosial-ictimai faktor isə dövlətimizin əsaslarını daha da möhkəmləndirir. Başda DTX rəhbərliyi olmaqla, bu vacib strukturun bütün peşəkar kollektivini peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram”.

Fazil Mustafa: “Peşəkarlıq özünü ən çox Qarabağ savaşında göstərdi”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında DTX-nın fəaliyyətini çox yüksək dəyərləndirdi: “Hesab edirəm ki, əslində Dövlət Təhlükəsizlik Xidməti yaradılandan, xüsusilə Əli Nağıyev bura rəhbər təyin olunandan sonra bəlli bir standartların dəyişməsinin şahidi olduq. Bu standartlar qurumun özünə aid olan fəaliyyətə dönüş etməsi idi. Bu qurum cəmiyyət arasında Eldar Mahmudov dönəmində fəaliyyətini bir qədər itirmişdi. İnsaf naminə demək lazımdır ki, Mədət Quliyev təyin olunandan sonra hər hansı bir şəkildə biznesmenlərin, ayrı-ayrı adamların qeyri-qanuni halda ”cəzalandırılması” prosesi dayandı. Əli Nağıyev gələndən sonra tamamilə fərqli vəziyyət yarandı. Bu peşəkarlıq özünü ən çox Qarabağ savaşında göstərdi. Burada DTX-nın fəaliyyətinin bilinən və bilinməyən tərəfləri var idi. Çox böyük işlər gördülər. Cəmiyyətdə insanların fəaliyyətinə daha çox müdaxilə etməyən, eyni zamanda insanların fəaliyyəti üzərində təhlükəsizliyi qorumağa yönələn xeyli fəaliyyətlər özünü göstərdi. Terrorçu qrupların ifşa olunması intensivləşdi. Eləcə də radikal dini qruplaşmalara qarşı uğurlu addımlar atıldı. MTN-in DTX adı altında geri dönüşü zamanında görülən işlər bu qurumun nüfuzunu xeyli qaldırıb. Cəmiyyətin narahat olduğu, qanunsuzluq mənbəyi kimi baxdığı qurum mifi ortadan qalxdı. Artıq cəmiyyətin rahatlıqla müraciət edə biləcəyi, hər bir kəsin təhlükəsizliyinin qorunması gözü ilə baxılan qurum kimi gündəmə gəlməyə başladı. Burada da Əli Nağıyevin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Düşünürəm ki, bu xətti də davam etdirmək vacibdir. Bir dövlətin bu cür vacib qurumlarının ciddi şəkildə nüfuzdan düşməsi cəmiyyətin özünə ağır bir zərbə vurur. Necə ki, Eldar Mahmudov dönəmində bu zərbəni bütün xalq bütün sahələr üzrə almağa başlamışdı. 103 illik dönəm böyük bir tarixdir. Müstəqillik dönəmində xüsusi xidmət orqanımızın, hər halda, 31 illik tarixindən söhbət gedir. Müstəqil şəkildə fəaliyyət göstərən qurum kimi bu quruma cəmiyyətimizin etimadı hər zaman yüksək olmalıdır. Bu obrazı qoruyub saxlamaq çox vacibdir”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı 103 illiklə bağlı DTX rəisi Əli Nağıyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Çox dəyərli Əli müəllim, böyük məmnuniyyətlə Sizi və rəhbərlik etdiyiniz əməkdaşlarınızı peşə bayramınız münasibətilə təbrik edir, Sizlərə möhkəm cansağlığı, olduqca çətin, lakin şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. Sizin milli dövlətçiliyimizin qorunub saxlanılmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan DTX-ya rəhbər təyinatınız bu qurumun fəaliyyətində ciddi dönüş yaratdı. Peşəkarlığınız, dövlətçiliyimizə, Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına sonsuz sədaqətiniz ünvanınıza hər bir Azərbaycan vətəndaşında böyük rəğbət və etimad qazandırmışdır. Bir daha Sizi təbrik edirəm. Bayramınız mübarək”.

İlham İsmayıl: “DTX-nın zərgər dəqiqliyi ilə işləməsi, apardığı əməliyyatlar xalqda xüsusi rəğbət yaradıb”
Sabiq MTN polkovniki İlham İsmayıl xüsusi xidmət orqanının uğurlarını belə sadaladı: “Əvvəla onu deyim ki, müstəqillik illərində xüsusi xidmət orqanının qarşısında müxtəlif vaxtlarda müxtəlif vəzifələr qoyulub. Çox təəssüflər olsun ki, 11 il üç ay, yəni 2004-cü ildən 2015-ci ilə qədər heç bir uyğunluğu olmayan bir şəxsin xüsusi xidmət orqanına rəhbərlik etməsi xüsusi xidmət orqanlarımız üçün bir ləkədir. Sözün həqiqi mənasında bu belədir. İndi, sadəcə, şükür edək ki, o ləkələr son 6 ildə təmizlənməkdədir. Bu ləkələr elədir ki, birdən-birə yox olmur. Yəni kimisə çıxarıb ora qoymaqla məsələ həll olunmur. Burada kadr seçimi, peşəkarlığa görə seçmə kimi hallar var. Peşəkarlığı yaratmaq üçün əvvəlcə onu nəzəri biliklərlə, peşə vərdişləri ilə inkişaf etdirmək lazımdır. Son illərdə məhz Dövlət Təhlükəsizlik Xidməti həm kadrların peşəkarlığına, həm etibarlığına, həm də onların analitik qabiliyyətinin olmasına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, sözün həqiqi mənasında Azərbaycan cəmiyyətindən müəyyən dəstək alındı. Hamımız bilirik ki, korrupsiyaya qarşı mübarizədə DTX-nın zərgər dəqiqliyi ilə işləməsi, apardığı əməliyyatlar xalqda xüsusi rəğbət yaradıb. Xüsusilə müharibə dövründə olan fəaliyyəti qeyd etmək lazımdır. Hər bir xüsusi xidmət orqanının belə müharibələrdəki fəaliyyəti ikiqat məsuliyyət deməkdir. Biri var ki, hansısa cinayətkar qrupun, yaxud terror təşkilatının içərisindən informasiya alasan, biri də var ki, ümumiyyətlə, düşmənin içərisindən informasiya alasan. Məhz Dövlət Təhlükəsizlik Xidmətinin müharibə günlərində, eləcə də müharibədən sonra düşmənin içərisindən əldə etdiyi məlumatlar əsasında qələbəmizi şərtləndirən amillər əldə etdik. Yeri gəlmişkən, müharibə günlərində bəzi hərbi qərarların verilməsində bu informasiyaların mühüm rol oynadığını mütləq qeyd etmək lazımdır. Bəzən hətta qərarlar belə dəyişdirildi. Alınan informasiyalarla qərarlar düzgün verildi və sonluqda qalib gəldik. İndi əsas meyar peşəkarlıqdır, qabiliyyətdir, sədaqətdir, etibardır. Burada dürüstlük də mühüm rol oynayır ki, xalq da bunu çox yaxşı görür. İndi təkcə onların deyil, xarici kəşfiyyat idarəsinin də peşə bayramıdır. Onların da bu istiqamətdə xüsusi rolları olub. Ümid edirik ki, qarşıdakı illərdə keçmişin vurduğu yaralar nəticəsində hələ də qalan bəzi problemlər də aradan qalxacaq. Daha çox peşəkar kadrların cəlb olunacağına inanırıq. Sözün həqiqi mənasında DTX dövlətin bel sütunu olacaq. Buna inamımız tamdır”.

