31 mart – Azərbaycanlıların Soyqırımı Günü dür
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan”
ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya
və soyqırımları həyata keçirmişlər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və
miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən
biridir. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ,
Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə
Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını
qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və
həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
başlanılmışdır. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların
soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilmişdir. Sözügedən Fərmandan sonra həmin tarixin
öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi
dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox
yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə
çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni
millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə
qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Müəllif: Sadiq Abbaszadə
Göygöl RİHB-sı Aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi

