21 gün səhər tezdən oyansaq, nə baş verər?
İnsan həyatı günlərdən, günlər isə saatlardan ibarətdir və biz ömrümüzün yarısını yataraq keçiririk. Lakin unutmayaq ki, həyat onun çoxunu yuxuda keçirəcək qədər üzün deyil. Səhər sadəcə ikicə saat tez oyanmaqla nə əldə edərik? Səhər tezdən oyanmaq insana bir çox şeyi qazandıra bilər. İlk növbədə, sutkada əlavə 1-2 saat qazanarıq və bu saatı “çatdırmadığımızı” düşündüyümüz işlərə sərf edə bilərik.
Bunu, məsələn, 21 gün ərzində etsək tez oyanmağı vərdiş halına gətirə bilərik.
Bəs 21 gün səhər tezdən oyansaq, nələr edə bilərik?
– 210 səhifəlik bir kitab oxuya (günə 10 səhifə oxusaq),
– 126 km qaça (günə təxmini bir saat – 6 km – qaçsaq),
– gün ərzində vaxt tapıb edə bilmədiyiniz işləri görə bilərik.
Səhərlər hava da daha təmiz olur. Bu havanı udub, quşların cıvıltısına qulaq asıb, həyatdan həzz almağın da başqa gözəlliyi var.
Əgər yuxudan oyanıb, etməyə heç nə tapmasaz 05:30 da “Twitter”in qurucusu olan Cek Dorsiyə tivit atın, çünki həmin zaman o oyaq olacaq. 🙂
Səhər tez durmağın yolları
1) İlk növbədə özümüzə hədəf qoymalıyıq. Bu hədəf bizə oyanmağa həvəs və güc verəcək. Hədəfsiz hərəkət edən insan dənizdə kapitansız üzən gəmi kimidir.
2) Hər gün eyni saatda yatmaq (00:00-dan tez yatmaq daha məsləhətlidir)
3) Yatmazdan öncə səhər edəcəklərimizi düşünsək, şüuraltı olaraq, özümüzü “proqramlamış” olarıq.
4)Zəngi quracağımız telefonu yanımıza yox, uzaq bir yerə qoymaq,
5) “Səhər tez duranlar klubu” yaradaraq, dostlarımızla bir yerdə tezdən oyanıb söhbətləşə bilərik.
6) Oyandıqdan sonra bədənimizi “açmaq” üçün elə yataqda hərəkətlər etmək. Yerimizdən qalxdıqda üzümüzü soyuq su ilə yumaq.
7) “Whatsapp” statusumuza hər gün duracağımız zamanı və qarşımıza qoyduğunuz məqsədi atıb, oyandıqda da əlavə status yazmaqla, həm özümüzü, həm digərlərini motivasiya edə bilərik.
8)Sevdiymiz ritmik musiqini dinləməklə də yuxumuzu “qaçırda” bilərik.
Ən əsası həqiqətən istəyib cəhd göstərməkdir. Unutmayaq ki, istəyən səbəb, istəməyən bəhanə tapacaq.
Səhər alışdığımızdan 2 saat tez qalxmaq ümüdi ilə…

