Ukraynadan qaçan ailə xaricdə yaşayan azərbaycanlılara sığındı – VİDEO
Fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsi səbəbilə Ukrayna vətəndaşları dünyanın bir sıra ölkələrinə qaçmağa məcbur qalıblar. Hazırda qonşu Gürcüstana sığınan Ukrayna vətəndaşlarının sayı təxminən 24 min nəfərdir.
Ukraynadan Gürcüstana gələn ailələrdən biri də azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonuna sığınmış İnna Mahmudova, onun gəlini və nəvəsidir. İnna Mahmudovanın sözlərinə görə, martın 15-də Kutaisi şəhərindəki hava limanında onları heç tanımadıqları şəxslər qarşılayıb, Rustavi şəhərinə gətirib və yaşayış yeri ilə təmin ediblər. Bir neçə gün burada qaldıqdan sonra isə Marneuli rayonunun Daştəpə kəndindəki tanışlarının evinə gediblər. Ailənin digər üzvü İrina Kovalevskaya müharibənin başladığı xəbərini həyat yoldaşından alıb.
“Müharibə başlayanda yatmışdım. Həyat yoldaşım məni oyatdı və müharibənin başladığını dedi. Əvvəl inanmadım, atəş səslərini eşitdikdə isə bunun doğru olduğunu anladım”, – deyə o əlavə edib.
Qeyd edək ki, qaçqın ailəsini yaşayış evi ilə təmin edən soydaşımız Ramal Əhmədov Marneuli rayonuna sığınmış ukraynalı ailədən öz yaxın qohumu vasitəsilə xəbər tutub. Onlarla görüşdükdən sonra isə ailəyə yardım etməyi özünə borc bilib.
Gürcüstan baş nazirinin müavini Ukraynadan ölkəsinə sığınanlar barədə açıqlamasında bildirib ki, ölkəsinə sığınan ukraynalılara hər cür yardım göstərilir. Əgər pik günlərdə müharibə səbəbindən Ukraynadan digər ölkələrə 200 mindən çox insan gəlirdisə, indi bu rəqəm 40 minə düşüb.
Məlumat üçün onu da bildirək ki, Rusiyanın başlatdığı hərbi əməliyyat nəticəsində Avropa İttifaqına ümumilikdə 3,8 milyon ukraynalı qaçqın gəlib ki, onların da yarısı uşaqlardır.

