İndiyədək 37 min 116 iribuynuzlu heyvan haqqında məlumatlar elektron sistemə daxil edilib
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə zəruri məlumatların elektron məlumat bazasında toplanması davam etdirilir. Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə aparılan heyvanların identifikasiyası və qeydiyyatı prosesi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2021-ci il dekabrın 15-dən 2022-ci il martın 30-dək həmin ərazilərin ailə-kəndli və fermer təsərrüfatlarında 37 min 116 iribuynuzlu heyvan identikləşdirilərək təsərrüfat və heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Fərdi qeydiyyata alınaraq, identikləşdirmə nömrəsi verilən heyvanlardan 13 min 730-u Bakı şəhəri, 20 min 176-sı Abşeron rayonu, 3 min 210-u isə Sumqayıt şəhərinin payına düşür.
Qeyd edək ki, toplanan məlumatlar Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində yer alır. Ölkədə yeni yaradılmaqda olan sistem heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınağı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər fərdi göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas funksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.
“Fermadan süfrəyədək” prinsipinə əsaslanan sistem heyvan mənşəli qida məhsullarının izlənilməsi və təhlükəsizliyi, insan sağlamlığının təmin olunması və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcək.

