Beynəlxalq konfrans iştirakçıları Ağdama səfər edib
31 mart – 1 aprel tarixlərində keçiriləcək “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfransın iştirakçıları Ağdama səfər edib.
ARANTV.AZ xəbər verir ki, konfrans iştirakçıları Ağdamın işğaldan azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri, minatəmizləmə əməliyyat sahəsində işlərin gedişi ilə tanış olacaq.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbir bütün dünyada sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan mina probleminin qlobal müstəvidə müzakirəsi, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin beynəlxalq miqyasda tanıdılması, bu sahədə mövcud olan çağırış və imkanların birgə müzakirəsi məqsədilə təşkil olunub.

