İsmayıllıda payızlıq əkin sahələrində becərmə işləri aparılır
İsmayıllı rayonunda cari ilin məhsulu üçün səpilmiş 31042 hektar payızlıq əkin sahələrində yaz becərmə işləri sürətlə davam etdirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda əkin sahələrinə yaşıl mala çəkilir, yemləmə gübrəsi verilir, alaq otlarına və yabanı vələmirə qarşı mübarizə tədbirləri aparılır. Bu işlərin görülməsi üçün hər gün sahələrə 50-60 ədəd texnika çıxarılır. Bütün ərazilərdə becərmə işləri mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
Becərmə işləri rayonun cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Kəlbənd və Mollaisaqlı kəndlərində daha mütəşəkkil aparılır.

