Səfirlər görüşüb
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Nigeriya Federativ Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş Səfiri Abdullahi Şexunu onun xahişi ilə qəbul edib.
Səfirliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Azərbaycanın Səfiri nigeriyalı həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin Polad Bülbüloğlu Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti və təşkil edilən tədbirlər barədə qarşı tərəfə məlumat verib.
Görüşdə Azərbaycanla Nigeriya arasında münasibətlərin, o cümlədən iqtisadi, energetika, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğuna diqqət yetirilib. Bu xüsusda, Abdullahi Şexu nigeriyalı tələbələrin Bakı Ali Neft Məktəbində və Bakı Dövlət Universitetində təhsil almaqları üçün Azərbaycan dövləti tərəfindən yaradılmış şəraitə görə minnətdarlığını ifadə edib.
Bununla yanaşı iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən OPEC, İƏT, Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsinin və hazırda dünyada baş verən proseslərin fonunda QH-nin fəaliyyətinin səmərəliliyinin artırılmasının önəmi vurğulanıb.
Azərbaycanın səfiri Nigeriyanın Azərbaycanda diplomatik nümayəndəliyinin təsis edilməsinin ikitərəfli əlaqələrin inkişafı baxımından olduqca əhəmiyyətli addım olacağına əminliyini ifadə edib.
Polad Bülbüloğlu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqda danışarkən, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bundan əlavə, münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, eyni zamanda azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də məlumat verib.
Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Abdullahi Şexuya Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.
Nigeriyalı səfir maraqlı və məhsuldar görüşə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib.





