Azərbaycan dünyanı azad edilmiş ərazilərdə sürətli bərpa işləri ilə heyrətləndirir
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada bir çox beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi enerji və nəqliyyat mərkəzinə çevirib.
“Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil” – deyən Azərbaycan Respublikasının Prezidentinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarını təsdiqləyərkən başlıca hədəfi xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsini təmin etməkdir.
2003-2018-ci illər ərzində regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində Azərbaycanda ən müasir infrastruktur qurulmuş və irimiqyaslı layihələr icra olunmuşdur. Paytaxtımızda, eyni zamanda regionlarda kənd və qəsəbələri birləşdirən yolların təmirinə və onların yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, bu gün yol şəbəkəsi müasirləşir, infrastruktur yenilənir. Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ötən müddət ərzində beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, həmçinin daxili yollarının çəkilməsi, mövcud yollarda yenidən qurma işlərinin aparılaraq müasir səviyyəyə çatdırılması sahəsində də çox mühüm layihələr icra olunur. Ötən illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilmiş, 7 aeroport tikilmişdir. Onlardan altısı beynəlxalq statusa malikdir. (Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Hava limanı, Lənkəran Beynəlxalq Hava Limanı, Naxçıvan Beynəlxalq Hava Limanı, Qəbələ Beynəlxalq Hava Limanı, Zaqatala Beynəlxalq Hava Limanı və Balakən Hava Limanı). Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”-un maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür.
Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. 2021-ci ilin yanvar ayının 14-də təməli qoyulan Füzuli aeroportunun 2021-ci il oktyabrın 26-da rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Onlardan birinə Prezidentimiz “Zəfər yolu” adını verib. Çünki Azərbaycanın xüsusi təyinatlı qoşunları Şuşa şəhərinə məhz həmin yolla meşələrdən və vadilərdən keçərək gediblər. Nisbətən aran ərazidən keçən digər yol da hava limanından birbaşa gediş-gəlişi təmin edəcək. Həmçinin Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasının təməli qoyulub.
Prezident İlham Əliyev bildirir ki, “Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar”. Artıq bu sahədə işlər planlı şəkildə həyata keçrilir və tezliklə Böyük Qayıdış başlayacaq.
Səadət Yusifova,
13 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi

