Prezident İlham Əliyev xalqın sonsuz etibarını, güvənini qazanmış liderdir
Azərbaycan xalqının həyatında müstəsna xidmətləri olan, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın, dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, dövlətimizin iqtisadi gücü və hərbi qüdrəti gündən-günə artır. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyini qazanması Azərbaycan xalqının görülən işlərə verdiyi yüksək qiymətin göstəricisidir. Çünki xalq Prezident İlham Əliyevə səs verməklə inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.
2003-2018-ci illər bütün istiqamətdə Azərbaycanın sürətli inkişaf dövrüdür. Bu illər ərzində ölkəmizin beynəlxalq nüfuzu artmış, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.
Bu illər ərzində əldə olunan iqtisadi uğurlar davamlı inkişafın və siyasi sabitliyin mənbəyinə çevrildi. Təsadüfi deyildir ki, 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.
2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.
2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. 15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı.2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub.Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.
2003-2018-ci illər ərzində ölkəmiz enerji istehsalında mühüm uğurlara imza atmışdır. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Bu illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülmüşdür. Ölkənin su təchizatı sahəsində mühüm məsələlər öz həllini tapmış, yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf etmişdir.
2003-2018-ci illər bizim rayonumuz üçün də olduqca uğurlu, inkişaf dolu, canlanma dolu bir tarix oldu. Bu illər ərzində rayonumuzda iri infrastruktur layihələr icra olunmuş, yol nəqliyyat infrastrukturu müasir standartlara cavab verən şəkildə qurulmuş, geniş yaşıllıq-abadlaşdırma işləri həyata keçirilmişdir. Yollarımız asfalt döşəmələrlə təmin olunmuş, rayonumuzun ərazisində qazlaşdırma 100% -ə çatdırılmışdır. Füzuli sakinlərinin elektik enerjisinə olan tələbatının ödənilməsi məqsədilə Füzuli SES tikilib istifadəyə verilmişdir. Rayonumuzdan olan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə bu illər ərzində rayon ərazisində 17 qəsəbə tikilib sakinlərin istifadəsinə verilmişdir.
Aqrar sahəyə dövlət dəstəyinin və diqqətin artırılması sayəsində tarixən aqrar rayon olan Füzuli rayonunda aqrar sektorda, xüsusilə baramaçılıq və taxılçılıq sahələrində mühüm uğurlar əldə olunmuşdur.
2016-cı ilin aprel ayında cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şanlı Zəfər qazanması, strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi rayon əhalisinin təhlükəsizliyinin təminatı, eyni zamanda əkinəyararlı sahələrin genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu Zəfər eyni zamanda dövlətimizin və ordumuzun gücünün, qüdrətinin göstəricisidir.
“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” –Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışından olan bu fikirlər həqiqətən də ölkəmizin son 4 il ərzində tərəqqisinin və xalqımızın rifahının aydın şəkildə ifadə olunmuş praqnozları oldu.
Xalqın seçimi olan, xalqın iradəsini ifadə edən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işğaldan azad edildi. Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlətimizin iqtisadi gücünün və hərbi qüdrətinin artması bizi böyük Zəfərə çatdırdı. Bu Zəfəri bizlərə yaşadan Prezident İlham Əliyevin ətrafında bundan sonra da bir yumruq kimi birləşməyə hazırıq. Çünki, biz birlikdə güclüyük!.

Zülfüqar Əliyev,
Füzuli rayon Ağsaqqallar Şurasının sədri

