Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bundan sonra yalnız inkişaf edəcək, azad edilmiş torpaqlara həyat qayıdacaq
2018-ci il aprelin 11-də ölkəmizdə ümumxalq səsverməsi ilə keçirilən prezident seçkilərində növbəti dəfə Azərbaycana rəhbərlik etimadı qazanan cənab İlham Əiyev andiçmə mərasimində dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qoruyacağı, xalqa ləyaqətlə xidmət edəcəyi ilə bağlı vədini Ali Baş Komandan kimi 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdırması ilə yerinə yetirdi. Mərasimdəki nitqində söylədiyi «Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm» sözləri ilə ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsini, ölkədə hərtərəfli inkişafın təmin olunmasını uğurlarımızın əsas şərti adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir. Ötən illərdə ölkədə həyata keçirilən siyasi, iqtisadi, sosial islahatlar, müdafiə qüdrətimizin möhkəmlənməsi, Azərbaycanın müəllifi olduğu qlobal enerji, nəqliyyat layihələrinin reallaşması, iki və çoxtərəfli əməkdaşlığın genişlənməsi sayəsində beynəlxalq nüfuzu artan ölkəmiz müxtəlif dinlərə məxsus xalqların ikinci Vətəni olduğunu da təsdiqlədi. Respublikamızda keçirilən mühüm beynəlxalq tədbirlər, idman yarışları, musiqi festivalları, simpozium və konfranslar Azərbaycanın həqiqi mənada multikultural və tolerant ölkə olduğunun ifadəsi olmaqla, bütün xalqları sülhə, sabitliyə, birliyə dəvət edən çağırışların səsləndiyi məkan kimi nüfuzunu daha da artırdı. Azərbaycanın təşəbbüsü ilə yaradılan üçtərəfli və dördtərəfli formatlarda birləşən ölkələrin regional sabitliyə, təhlükəsizliyə müsbət təsirini göstərən əməkdaşlıq beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini möhkəmləndirdi.
Andiçmə mərasimində «Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma «Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi sübut etdi ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır.
Həmin mərasimdə «Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın» söyləyən cənab İlham Əliyev işğalçı dövləti kapitulyasiya aktını imzalamağa məcbur etməklə Ermənistanı diz çökdürdü.
Düşünülmüş siyasətin konturlarını düzgün müəyyənləşdirən, nəyin, necə, nə zaman həyata keçiriləcəyini siyasi iradəsi, qətiyyəti və real fəaliyyəti ilə sübut edən Prezident İlham Əliyev dünya miqyasında tanınan güclü ordu formalaşdırmaqla, Silahlı Qüvvələrimizi ən müasir hərbi texnika, silah-sursatla təmin etməklə Zəfərimizi təmin etdi.
Zəfərimizin, ordumuzun gücünün, qüdrətinin inanılmış addımları olan Aprel döyüşlərində Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsinin işğalçılardan azad edilməsi, əsl sahibləri üçün qəribsəyən azərbaycanlıların yurdlarına qayıtması, Lələtəpə kimi strateji yüksəkliklərdə Azərbaycan bayrağının dalğalanması xalqımızı daha böyük qələbələrə ruhlandırdı. Müasir görkəmdə salınan Cocuq Mərcanlı qəsəbəsi xalqımızın dirçəliş rəmzinə çevrildi. O illərdə Cocuq-Mərcanlıda Gövhər ağa məscidinin oxşarının inşasını reallaşdırmaqla Şuşaya qayıdışa inam yaradan Prezident İlham Əliyev Zəfər paradında söylədiyi « Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik» sözlərini də yerinə yetirdi. Düşmən üzərində qələbəsini təmin etmək üçün güc toplayan, ölkə iqtisadiyyatını inkişaf etdirən, siyasi müstəvidə, beynəlxalq səviyyədə nüfuzu möhkəmlənən Azərbaycan xalqı dövlət başçımızın ilk dəfə prezident seçilərkən söylədiyi «Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi» sözlərinin sevincini yaşadı.
Beynəlxalq aləmdə haqqı, ədaləti, qanunları üstələyən gücün qarşısında söz sahibi olduğu məqamlarda belə qətiyyəti ilə hüquqlarının müdafiəsinə qalxan Azərbaycan tarixi ərəzilərinin işğaldan azad ediləcəyini əminliklə bildirən, işğalçının törətdikləri təxribatların qarşısını Milli Ordunun gücü, xalq-iqtidar birliyinin həmrəyliyi ilə alan dövlət başçımız Ermənistanın sərsəm baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» sayıqlamasına 44 gündə son qoydu. Milli Ordumuzun hərbçiləri keçilməz istehkamları dəf etdi. 44 gündə xalqa müraciətləri ilə qələbə sevincini yaşadan, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, eyni zamanda, Suqovuşan, Hadrut qəsəbələrinin, Xocalı və Kəlbəcər rayonlarının bir hissəsinin, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsinin, strateji yüksəkliklərin düşməndən azad edilməsi xəbərini çatdıran, Zəfər sevincimizi Şuşada bayrağımızın dalğalanması ilə artıran Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, ermənilərin uzun illər yaratdıqları «qüdrətli dövlət», «güclü ordu» mifi dağıdıldı. Ermənistanın onsuz da istifadə müddəti bitmiş hərbi texnikası, canlı qüvvəsi məhv edildi, Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
2020-ci ilin noyabr ayının 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Bu uğurlar onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. Azərbaycan sübut etdi ki, münaqişənin hərbi həlli mümkündür və bu missiyanı Silahlı Qüvvələrimiz rəşadətlə yerinə yetirdi. Bu gün də XXI əsrin müharibə tarixinə yeni səhifələr yazan Azərbaycanın əsgər və zabitlərinin hərbi əməliyyatlarındakı taktikası müxtəlif dövlətlərin hərbi məktəblərində təcrübə kimi öyrənilir.
Dövlət başçımızın «Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» sözləri Tarixi Zəfərimizin qalibiyyət rəmzi kimi dostlarımızı da sevindirdi.
Hazırda işğaldan azad edilmiş bütün torpaqlarda bərpa-quruculuq işləri davam etdirilir. «Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var» söyləyən Prezident İlham Əliyevin «Mən isə demişdim ki, «Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri bu iradənin göstəricisidir.

