Əsas səhifə 

Türk dünyası mədəni həyatında yeni dönəm

Bu günlərdə TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması Azərbaycanın bu qədim şəhərinin mədəni zənginliyinə diqqətin bariz ifadəsidir

 

Mədəniyyət incisi olan Şuşa işğaldan azad edildikdən sonra xalqımız tərəfindən zəfərimizin rəmzi kimi dəyərləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev qədim mədəniyyət mərkəzimizin düşməndən təmizləndiyi günün – 2020-ci il noyab­rın 8-nin Azərbaycan tarixində əbədi qalacağını, bu tarixin əbədi yaşayaca­ğını, bu günün bizim şanlı  Zəfərimizin günü olduğunu xüsusi vurğu­layıb.

 

Qarabağın incisi işğaldan azad edildikdən sonra daim diqqət mərkəzindədir. Şəhərdə bərpa-quruculuq layihələri sürətlə gerçəkləşir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri də Azərbaycanın bu mədəniyyət pay­taxtında bərpa, tikinti-quruculuq işlərinin geniş miqyas almasına öz müsbət təsirini göstərir. Qısa müddət ərzində şəhərdə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, həmçinin “Qarabağ” hotelinin açılışı mərasimlərinin reallaşması bu tarixi şəhərimizin yenidən tikilib-qurulması, abadlaşdırılması, dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevrilməsi yolunda atılan addımların bariz ifadəsi, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşməsidir.

 

Bu quruculuq layihələrinin sürətlə reallaşdırılaraq, Qarabağın tari­xi simasının qaytarılması, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlar fonunda şəhərdə ənənəvi tədbirlərin keçirilməsinə də start verilib. Uzun fasilədən sonra ötən ilin may ayında Şuşada – hər bir azərbaycanlı üçün müqqəddəs olan Cıdır düzündə ənənəvi “Xarı­bülbül” musiqi festivalı reallaşdırılıb. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxış etmələri isə göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır.

 

Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən bu qədim şəhərimizdə təşkil olunub. Böyük şairin məqbərəsinin yenidən açılışı mərasimi mühüm tarixi hadisə kimi qeyd edilib. Bütün bu tədbirlər, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramı­na, Böyük Qayıdışın təntənəsinə çevrilib.

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilib və həmin məscidin açılışındakı çıxışında dövlətimizin başçısı deymişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcək. Məhz ötən il Ramazan bayra­mı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulması da ölkə rəhbərinin uzaqgörənliyinin, müdrik siyasətinin, eyni zamanda, verdiyi vədə sadiqliyinin bariz ifadəsidir.

 

 

Daha çox xəbərlər