Vətən bizə oğul dedi…
Müddətdən artıq xidmət edən döyüşçü Murad Qasımovun öz ata-baba ənənəsi ilə fəxr etmək haqqı var. Ulu babası Yusif 1941-ci il İkinci Dünya müharibəsinin, atası Şəmsi isə Birinci Qarabağ savaşının iştirakçıları olublar. Bu ənənə davam edərək yeni nəslə də keçib.
Sıravi əsgər Murad Qasımov isə üç il əvvəl müddətli hərbi xidmətini başa vurandan sonra Vətənimizin işğal altında qalan torpaqları azad edilmədən ordudan ayrılmamaq qərarına gəldi. Yenidən üç illik müqavilə əsasında xidmətini davam etdirdi. Bir ildən sonra, yəni 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başlayanda Murad üçün sanki toy-bayram idi. Nəhayət, qisas günü gəldi,-dedi. Muradın vuruşduğu Goranboy rayonunun Talış və Suqovuşan istiqamətində düşmən nə qədər müqavimət göstərməyə çalışsa da, hərbi hissələrimizin qarşısında davam gətirə bilmədi. Vətən uğrunda şəhadəti şərəf sayan əsgər və zabitlərimiz qorxu bilmədən düşmən səngərlərinə şığıyaraq onları otuz il möhkəmləndikləri döyüş mövqelərindən və strateji yüksəkliklərdən vurub çıxardılar. İlk gündən Murov yüksəkliyi düşməndən azad edildi və sonrakı günlərdə döyüş daha qanlı xarakter aldı. Belə ağır döyüşlərdən birində Muradın yaşadığı Tərtər rayonunun Qaradağlı kəndindəki qohumu və qonşusu, Aprel müharibəsinin qəhrəmanı, baş gizir Aslan Malik oğlu Hüseynovun igidliklə şəhidliyindən sonra dostları ilə onun intiqamını birəbeş almağa and içdilər.
Şir kimi vuruşan döyüşçülərimiz cəmi bir neçə gündən sonra Talış və Suqovuşan kəndlərini erməni işğalçılarından təmizlədilər. Orada erməni quldurlarına elə bir sarsıdıcı zərbə vuruldu ki, onlar cavab tədbirləri görməyi belə yaddan çıxararaq rüsvayçılıqla qaçdılar. Murad gərgin döyüşlərdə öz minomyotçu yoldaşları ilə düşmənin bir neçə zirehli hərbi texnikasını, möhkəmləndirilmiş sığınacaqlarını darmadağın etdi, onun canlı qüvvəsinə tələfat verdi. Ağdərə istiqamətində ermənilərin ön hissələri məğlub ediləndən sonra Murad Qasımovun dislokasiya yeri dəyişdirildi. O, Laçına göndərildi. Orada da bir neçə döyüşdə iştirak etdi, xidmət etdiyi hərbi hissə günbəgün irəliləyərək Qaragöl yaxınlığına qədər getdi.
Müddətdən artıq xidmət edən sıravi əsgər Murad Qasımovun döyüş hünəri Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yüksək qiymətləndirilərək “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Cənab Prezidentin Muradı medalla təltif etməsi Qasımovlar ailəsini çox sevindirdi. Dövlət başçısının imzası ilə təsdiq edilən vəsiqə əldən-ələ gəzdi. Çünki bu, minbir əziyyətlə böyütdükləri övladın şərəfli döyüş yolu keçdiyini sübut edirdi.
Hazırda Laçın bölgəsinin sərt iqlim və çətin dağlıq şəraitində və düşmənlə üz-üzə hərbi xidmətini şərəflə davam etdirən gənc Vətən oğlu qürurla bildirir ki, doğma yurdun azadlığı uğrunda sonadək mübarizə aparmaq hər kəsin ən müqəddəs borcudur, biz də bu borcu ləyaqətlə qaytarmalıyıq. Əgər Vətən bizə oğul dedisə, biz də öz övladlıq borcumuzu qanımız bahasına olsa belə doğrultmalıyıq. Xalq mahnımızda deyildiyi kimi, “Vətən yolunda ölüm mərd üçün bir səadətdir

