Gündəm 

44 günlük tarixi Zəfərə aparan 4 gün

Müasir tariximizin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərindən altı il ötür

 

Hərb salnaməmizə “Dördgünlük müharibə” (2-5 aprel) kimi də yazılan bu döyüşlər Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vuraraq bir sıra strateji mövqelərin, o cümlədən Lələtəpə yüksəkliyinin azad olunması ilə nəticələndi. Ən əsası isə Aprel zəfəri 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməli oldu.

 

Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş vermişdi. Gün ərzində Azərbaycanın cəbhəboyu mövqeləri və yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması nəticəsində 2 dinc sakin həlak olmuş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdir. General-mayor Hikmət Həsənovun sözlərinə görə, şəraiti qiymətləndirdikdən sonra həmin zolaqda yerləşən briqadanın ehtiyat qüvvələri və hərbi birləşmənin tank taborunun hissələri ilə düşmənə sarsıdıcı zərbə vuraraq, öncə onların ön xətdə olan mövqelərini ələ keçirmiş, eyni zamanda, düşmənin müdafiə xəttinin dərinliklərinə doğru irəliləyərək Talış yaşayış məntəqəsi istiqamətində hakim yüksəklikləri azad etmişlər. Bununla da Tapqaraqoyunlu kəndi və o istiqamətdə yerləşən Naftalan şəhərinin təhlükəsizliyi tam təmin olunmuşdu. Hərbçilərimizin qəhrəmanlığı nəticəsində işğaldan azad edilmiş yüksəkliklərdə möhkəmlənərək təmas xətti boyunca yerləşən digər yaşayış məntəqələrinin də təhlükəsizliyi təmin olunmuşdu. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, düşmənin 320 hərbçisi öldürülmüş, 500-dən artıq hərbçisi isə yaralanmışdı. Ümumilikdə, isə Aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilmiş və bununla da böyük qələbənin təməli qoyulmuşdu. Bundan başqa, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.

 

Cəmi bir neçə gün davam etməsinə baxmayaraq Aprel döyüşlərinin nəticəsi ölkəmiz üçün olduqca əhəmiyyətli oldu. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin gec-tez bərpa olunacağını göstərdi. Düşmən Azərbaycanın gücünü gördü və anladı ki, Ordumuz daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bötüvlüyünü bərpa edəcək. Belə də oldu. Cəmi 4 il sonra Ermənistan və onun ordusu müzəffər Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının dəmir yumruğunun bir daha şahidi oldu. 2016-cı ilin Aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları olan Qarabağ düşmən işğalından tamamilə azad edildi. Lələtəpədən başlanan şərəfli yol Şuşa zəfəri ilə bitdi. Məhz Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə Qarabağı sürətlə düşməndən təmizləyən müzəffər ordumuz Cocuq Mərcanlıqdan başlanan Zəfər yolunda inamla irəliləyərək Şuşanı fəth etdi və 30 illik işğala son qoyuldu. Cənab İlham Əliyev Şuşaya qalib komandan kimi ayaq basdı və dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu. Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında demişdir: “Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir”.

 

Ali Baş Komandan bu müharibəni XXI əsrin yeni savaşı adlandırdı. Çünki ordumuzun yeni müharibə modeli, yəni aparılan əməliyyatlar və savaşın nəticəsi hələ də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Bəzi mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edildi. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoydu. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsl savaşı kimi dəyərləndirilir.

 

İşğalçı Ermənistan cəmi 44 gün dözə bildi. Erməni silahlı birləşmələri Azərbaycan Ordusu qarşısında aciz vəziyyətə düşdü. Erməni hərbçisi silahını, texnikasını, döyüş bayrağını atıb şərəfsizcəsinə qaçmağa məcbur oldu. İşğal altında olan torpaqlarımız düşmən tapdağından təmizləndi. Aprel döyüşlərində şəhid olan igid oğullarımızın ruhları bir daha şad oldu. Çünki onların da istəyi Qarabağın azadlığı idi və bu gün həmin torpaqlar azaddır. Şuşada, Ağdamda, Xocavənddə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə dalğalanan Azərbaycan bayrağı düşmənin bağrını yarır, hər bir azərbaycanlının ürəyini dağa döndərir, fərəhləndirir.

 

 

Daha çox xəbərlər