Cəmiyyət 

Ərzaq təhlükəsizliyi: Davamlılıq və dayanıqlılıq strateji hədəfdir

Bu gün dünyada cərəyan edən gərgin siyasi, ictimai və iqtisadi proseslər fonunda Azərbaycanda əhalinin ərzaq məhsulları ilə təmin edilməsi mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. Bütövlükdə ərzaq təhlükəsizliyi nəinki dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə də siyasi və ekoloji təhlükəsizliyinin əsas elementidir. Bu isə ərzaq təhlükəsizliyinin milli təhlükəsizliyin tərkibində aparıcı rol oynadığını müəyyənləşdirir.

Son illər ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm uğurlar əldə edilib. Ölkə başçısının imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş Dövlət proqramları regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac verib. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir.

2016-cı il dekabrın 6-da Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi strateji hədəf kimi elan edilmiş və sözügedən hədəfə çatmaq üçün əsas prioritetlər müəyyənləşdirilmişdir.

Azərbaycan hökumətinin əsas hədəflərindən biri ölkənin ərzaqla davamlı təminatıdır. Bu mənada 2022-ci il yanvarın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycanda ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələr”ə həsr olunmuş müşavirəsində qeyd edilən məsələlər respublikamızda ərzaq təhlükəsizliyinin dayanıqlılığınına xidmət edəcək. İclasda ölkəmizdə ərzaq məhsulları ilə təminat sahəsindəki əsas prinsiplər açıqlanıb. Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Əsas məsələ məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaqdır. Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir. Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur.

Burada iki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır. Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək. Həmçinin subsidiyalar nəticəyə görə veriləcək. Bu prinsip subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.

Bir məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, Qarabağın uzun müddət təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi kənd təsərrüfatının inkişafına mənfi təsir etmişdir. Dövlət başçısı bildirib ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdəndir. Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını, kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək: “Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır”.

Hazırda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün strateji məhsullar arasında mühüm yeri tutan taxıl istehsalının artırılması istiqamətində mühüm addımlar atılır. İlk növbədə məhsuldarlığın artmasına xidmət edən iri taxılçılıq təsərrüfatları yaradılır. Bundan başqa, Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinin təmin edilməsi və ərzaq buğdasına olan tələbatını ödəmək üçün xaricdə taxıl əkini üçün geniş torpaqlar icarəyə götürülməsi istiqamətində çalışmalara başlayıb.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan hökuməti ərzaq təhlükəsizliyi sahəsində davamlılığı və dayanıqlılığı təmin etmək məqsədilə ardıcıl olaraq kompleks tədbirlərin həyata keçirilməsi siyasətini uğurla reallaşdırır.

Daha çox xəbərlər