Region Xəbərləri 

MÜDRİK LİDER, QALİB SƏRKƏRDƏ

Müasir dünyanın çağırışları qloballaşan dünyamızda yeni meyarların zəruriliyini ortaya qoymuş olur. Belə bir zamanda siyasi, iqtisadi uğurları ilə dünya dövlətləri sırasında öncül yerlərdən birində olan Azərbaycanda həyata keçirilən dövlət proqramları, islahatlar müasir dövrün tələblərinə uyğun şəkildə reallaşır. Yüksək Liderlik keyfiyyətlərinə malik olan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi zaman məsafəsində ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyərək Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirilib. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”, – deyərək ölkəyə rəhbərliyi dövründə bunu fəaliyyəti ilə sübut etdi. Əlbəttə ki, bu günün real mənzərəsi Azərbaycanın qüdrətli ölkə olduğunu göstərir.
Hələ 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərkən Cənab İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” sözləri qısa bir zamanda özünü doğrultdu. Xalqın Liderinə inam və etimadın nəticəsidir ki, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də Cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanması və seçkilərin nəticələri Azərbaycan xalqının öz Prezidentinə olan inamının ifadəsi idi. Bu səs Azərbaycanın gələcək inkişafına, tərəqqisinə verilən səs idi. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır.
Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.
Bütün sahələrdə əldə olunan uğurlarla yanaşı, Azərbaycan neft-qaz sahəsindəki uğurlarını da davam etdirərək Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsi, Cənub Qaz Dəhlizi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng layihələrin icrasına nail oldu. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.
Son 18 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Bakı “Eurovision” mahnı müsabiqəsinə, ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1” yarışlarına, futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyununa ev sahibliyi edib. İdmançılar 18 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanıb. Azərbaycan həmin illərdə bir çox Olimpiya Oyunlarında iştirak edib və Avropa Oyunlarında ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yeri qazandı. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.
Ötən 18 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlərin görülməsi nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli Sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərimiz xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, ölkə rəhbərinin xarizması, onun Liderlik qabiliyyəti xalq-iqtidar birliyini daha da möhkəmləndirib.
Habil Qurbanov
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri

Daha çox xəbərlər