Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət
Hazırki dövrdə Azərbaycan,Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Əlbəttə, ölkəmizin əldə etdiyi bütün uğurlar Cənab Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, son 19 ilə yaxın müddət ərzində dünyanın müxtəlif sosial tədqiqat qurumları tərəfindən aparılan rəy sorğuları Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadının yüksək səviyyədə olduğunu nümayiş etdirir.Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.Son illər ərzində qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində mövcud olan gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün bunlara baxmayaraq, Cənab Prezident İlham Əliyevin müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı rolunda çıxış edən Azərbaycan region ölkələri arasında iqtisadi kommunikasiya əlaqələrinin əsas təşkilatçısıdır. Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilməsi ölkəmizin tarixən ərazisindən keçərək dünya ölkələrini birləşdirən “İpək yolu”nun müasir dövrümüzdə eyni ambissiyaları yerinə yetirdiyini göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb. Azərbaycan müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilib. Bununla yanaşı, 2018-ci il aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında bir sıra mühüm sənədlərin imzalanması, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir.
Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.
Ölkəmizin ən ağrılı problemi olan torpaqlarımızın işğalı ilə nəticələnən Ermənistanla Azrəbaycan arasında münaqişə 30 ildən çox davam edib. Bu illər ərzində münaqişənin sülh yolu, ərazi bütövlüyümüzün bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə bağlı məsələlər ölkə gündəminin əsas mövzusu olmuşdur. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu prosesi yalnız uzatmaq və heç bir nəticə əldə etməməklə yadda qalmışdır. 2020-ci ilin sentyabr ayında düşmənin növbəti təxribatına güclü əks-hücumla cavab verilmiş, 44 günlük “Vətən müharibəsi” nəticəsində 30 ilə yaxın davam edən işğal faktı sona çatmış, Azərbaycanın Şanlı Ordusu,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rərhbərliyi altında düşməni məhv etmiş, torpaqlarımızı azad etmişdir. Tarixi diyarımız olan Şuşa şəhərinin azad edildiyi 8 Noyabr tarixi “Zəfər Günü” kimi tariximizə qızıl hərflərlə yazılmışdır. Dünyanın açıq şəkildə qütbləşdiyi, xristian faktorunun ön plana çıxdığı dövrdə Prezident İlham Əliyevin apardığı uzunmüddətli və düşünülmüş xarici siyasəti sayəsində dünya birliyinin aparıcı üzvləri ölkəmizin haqq işini dəstəkləmişdir. 44 gün ərzində dünyanın otuzdan çox mətbuat orqanlarının qərəzli sualları cənab İlham Əliyev tərəfindən layiqli cavablandırılmış, onlar özü təkzibolunmaz faktlar qarşısında qalaraq susmağa məcbur olmuşlar. Cənab Prezidentin qeyd etdiyi kimi indi əsas diqqət münaqişənin nəticələrini aradan qaldırmaq və quruculuq işlərinə yönəldilmişdir. Qardaş Türkiyə Cumhuriyyəti ilə imzalanmış “Şuşa bəyannaməsi” ölkəmizin hərbi və digər sahələrdə Türkiyə Cumhuriyyəti ilə əməkdaşlığın ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.
YAP Tərtər rayon təşkilatı Qaraağacı ərazi partiya təşkilatının sədr müavini – Rəşad Qarayev

