Region Xəbərləri 

Adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış- Qalib Sərkərdə

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı.
Cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 19 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. 19 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Keçən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir.
Cənab İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi yeniləşmələr baş vermiş, müasir idarəetmə bilik və bacarıqlarına malik olan cavan kadrlar hökumətdə yüksək vəzifələrə təyin olunmuşlar. İctimai rəydə böyük rəğbətlə qarşılanan kadr siyasəti dövlət orqanlarının çevik və səmərəli şəkildə fəaliyyətinə mühüm təsir göstərmişdir. Bu zaman dövlət idarəçiliyi sistemində səmərəliliyin yüksəldilməsi və müasir dövrün tələblərinə cavab verən yeni idarəetmə strukturunun formalaşdırılması zərurəti nəzərə alınmışdır.
Prezident İlham Əliyev öz fəaliyyəti ilə ümummilli lider Heydər Əliyevin sözlərinin həqiqətən fundamental əsaslara söykəndiyini təsdiq etdi. Böyük siyasi xadim Heydər Əliyev bu fikirləri ilə təkcə İlham Əliyevin keyfiyyətlərini sadalamırdı, həm də canı qədər sevdiyi Azərbaycanı ən etibarlı bir şəxsiyyətə həvalə etdiyini bəyan edirdi. Zaman keçdikcə Ulu Öndərin bütün dedikləri Prezident İlham Əliyevin fəaliyyətində öz təsdiqini tapdı. Hətta bu fikirlərə bir söz də əlavə olundu – qalib Sərkərdə!
Dünyanın ən nüfuzlu siyasi dairələrinə Prezident İlham Əliyevin siyasətçi, iqtisadçı, diplomat və bir sözlə, liderlik keyfiyyətləri çoxdan məlumdur. Son bir ildə isə dünya dövlətimizin başçısının daha çox Ali Baş Komandan keyfiyyətlərini müzakirə edir və bunu öz nəşrlərində müxtəlif formada qısqanclıqla qeyd etməyə məcbur olur. Prezident İlham Əliyev Azərbaycan siyasi sistemə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında iflasa uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin dövlətin və xalqın gücü ilə yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla, təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.
YAP Tərtər rayon təşkilatının əməkdaşı- Samirə Zeynalova

Daha çox xəbərlər