Dövlətimizin artan beynəlxalq nüfuzu uğurlu xarici siyasətinin nəticəsidir
Azərbaycanın tarixində 2003-2018-ci illər əsrə bərabər illərdir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf yoluna qədəm qoydu, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyada mövqe tutan Azərbaycan, Prezident İlham Əliyevin siyasəti ilə daha da inkişaf etdi, beynəlxalq aləmdə nüfuz qazandı. Müasir dövrdə strateji inkişaf yolu keçən Azərbaycan özünün geniş iqtisadi potensialını hərəkətə gətirərək inkişaf etmiş ölkələrin texnologiyasını və maliyyə imkanlarını cəlb etdi, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratdı.
Dövlət başçımız cənab İlham Əliyevin ən uğurlu fəaliyyət istiqamətlərindən biri məhz Azərbaycanın müstəqil, milli maraqlara əsaslanan, beynəlxalq aləmdə qəbul edilmiş ölçülərə uyğun xarici siyasət yürütməsidir. Azərbaycan milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursu formalaşdırdı və həyata keçirilməsini ön plana çəkdi. Qısa müddət ərzində Azərbaycan dünyanın bir sıra dövlətləri işərisində beynəlxalq nüfuz qazandı, qarşılıqlı faydalı əməkdaşlığa imza atıldı.
Milli maraqlara, hər bir Azərbaycan vətəndaşının sosial, humanitar və mədəni rifahına yönəlmiş regional və qlobal səviyyədə həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq arenada da əməkdaşlığını genişləndirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ATƏT- in, AŞ-nın, İƏT-in, MDB-nin və digər nüfuzlu təşkilatların üzvünə çevrildi. Ölkəmiz həm də GUAM regional qrupunun təsisçilərindən biridir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda bir sıra beynəlxalq tədbirlər təşkil edilmişdir. Əlbəttə, bu tədbirlərin əsas məqsədi dünyaya yeni sülh mesajlarının verilməsi idi. Tarixdə ilk dəfə baş tutan Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirləri ilə görüşə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunub. 2008-ci ildə baş tutan bu görüş Azərbaycanı dünyada qlobal platforma kimi tanıtmışdır. Bakıda Dünya Dini Liderlərin Zirvə görüşü baş tutmuşdur. Ölkə başçımız İlham Əliyevin siyasəti nəticəsində Bakı Beynəlxalq Humanitar forumlarına da uğurla ev sahibliyi etməkdədir.
Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Balanslı regional siyasət ölkənin bugünkü təhlükəsizliyi və müstəqil gələcəyi üçün mühüm təminat rolunu oynayır. Belə ki, Rusiya başda olmaqla MDB, İran başda olmaqla İƏT, Türkiyə başda olmaqla Türkdilli Dövlətlər Birliyi ayrıca Avropa İttifaqı, Çin, ABŞ və başqa ölkələrlə əlaqələr qurmaq, inkişaf etdirmək balanslı regional siyasət tələb edir ki, bunu da Prezident İlham Əliyev layiqincə bacarır və məharətlə həyata keçirir. Xarici siyasətinin prioritet istiqaməti sayılan bu məsələyə Cənab Prezident xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mühüm geostrateji mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı dünya birliyinə inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçim Azərbaycanı uğurlu gələcəyə aparır!
Arzu Məmmədova,
Horadiz şəhər 2 № li tam orta məktəbin direktor müavini

