Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən «Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı»”nın təsdiqi ölkəmizdə şəffaflığın, aşkarlığın qorunmasında ictimai nəzarətin gücləndirilməsini də təmin edəcək
Bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarında da vətəndaşlar tərəfindən yüksək qiymətləndirilən genişmiqyaslı və davamlı islahatlar aparılır. Cəmiyyəti narahat edən neqativ hallara, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə tədbirləri genişləndirilir. Ədalət prinsiplərinə əsaslanan, şəffaflığın, dürüstlüyün təmin olunmasına yönələn kadr islahatları həyata keçirilir. Məqsəd peşəkar, bilikli, müasir düşüncəyə malik gənclərin dövlət strukturlarında fəallığını, idarəetmə işlərinə cəlbini genişləndirmək, yeni nəslin dövlətçilik təcrübələrini artırmaqdır.
«Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər» söyləyən Prezident İlham Əliyevin humanist tövsiyələrindən biri də uzun illər dövlət strukturlarında çalışmış kadrların illərdən bəri qazandıqları biliklərini gənclərə müasir tələblər baxımından aşılanmasıdır. Dövlət başçımız bütün çıxışlarında dəfələrlə qeyd etdiyi «İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir» sözlərinin real həyatda əksini tapması üçün hüquq – mühafizə orqanlarında çalışanların işlərinə məsuliyyətlə yanaşmasını başlıca tələb kimi qarşıya qoyur.
«Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq- mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin» söyləyən dövlət başçımız İlham Əliyev kadrların peşəkarlığını, işlərinə ciddi məsuliyyətlə yanaşmalarını dövlətə sədaqət adlandırır, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ədalətli olmağı qanun keşikçilərinin qarşısında başlıca vəzifə kimi qoyur.
Bu cür neqativ hallara qarşı inzibati yollarla, institusional üsullarla mübarizənin daim diqqətdə saxlanılması müsbət nəticəsini göstərir. Bütün sahələrdə mövcudluğu ilə dövlətçiliyə ləkə gətirən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin müsbət nəticələrini son illərdə ölkədə həyata keçirilən tədbirlərin nəticələri də təsdiqləyir. Öz işinə məsuliyyətlə yanaşmayan məmurların vəzifələrindən azad olunmaları , yol verdikləri cinayətlərə, dövlət əmlakını mənimsədiklərinə, onlara göstərilən etimadı doğrultmadıqlarına görə məsuliyyətə cəlb olunmaları ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Pandemiyanın yaratdığı çətin məqamlarda belə insanları düşünən, ədalət prinsiplərinin pozulması hallarına qarşı mübarizəni gündəlik həyatımızın vacib tələbi kimi diqqətdə saxlanılan respublikamızın bəzi səhiyyə müəssisələrində nöqsanlara və vəzifədən sui-istifadə hallarına yol verənlər haqqında cinayət işlərinin açılması Azərbaycanda insan amilinə diqqətin bariz nümunəsidir. Bəzi mərkəzi icra orqanlarında, nazirliklərdə baş verən rüşvətxorluğu tənqid edən, maddi maraq qarşılığında vəzifələrə təyinat kimi mənfi hallar ilə bağlı araşdırmaları şəxsi nəzarətində saxlayan Prezident İlham Əliyev kadr islahatlarının düzgün aparılmaması ilə dövlətin daim diqqətində olan sosial islahatlara xələl gətirildiyini də vurğulayır, bu cür hallara qarşı amansız mübarizənin davamlı olmasını tövsiyə edir : «Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək.» Yeni vəzifələrə təyin olunan məmurlarla görüşlərində onlara etimadı doğrultmalarını əsas şərt kimi qarşıya qoyan Prezident İlham Əliyevin ciddi tapşırığı, vətəndaşların rəy və təkliflərinin yerindəcə həllinə nəzarəti gücləndirmək, vəzifə məsuliyyətlərini şəxsi maraqlarından üstün tutmaqdır.
Dövlət başçımız İlham Əliyevin iştirakı ilə Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması Azərbaycanın sosial dövlət metodunun nümunəsi olmaqla ölkəmizdə insan amilinə ən müasir tələblərə uyğun göstərilən qayğının təzahürüdür. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin kampaniya deyil, davamlı proses olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncama əsasən «Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı»”nın təsdiq edilməsi ölkədə sağlam vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi isə bu qayğının davamı, ədalətin, aşkarlığın təminatı istiqamətində atılan addımdır. Milli Fəaliyyət Planının həyata keçirilməsində məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında məsuliyyətinin gücləndirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir.
«Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı»nda nəzərdə tutulan tədbirlər haqqında hər ilin axırında Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatın təqdim edilməsi kimi tələblərin sənəddə yer alması respublikamızın hüquq mühafizə orqanlarında operativliyin və şəffaflığın qorunmasının başlıca istiqamət olduğunu təsdiqləyir. Sənəddə göstərilən «Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər» kimi tələblərdən aydın olur ki, vətəndaşları düşündürən, narahat edən problemlərin həlli dövlət başçımızın gündəlik nəzarətindədir və kimliyindən, vəzifəsindən asılı olmayaraq qanunlardan kənar əməllərə yol verənlər, cinayət törədənlər haqqında mübarizə aktuallığını qoruyur. Dövlətçiliyə zərər vuran, vətəndaş məmnuniyyətinə xələl gətirən hallara qarşı mübarizənin gücləndirilməsi üçün ictimai nəzarətin artırılması, vətəndaş cəmiyyəti institutlarının prosesə cəlb olunması, Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması kimi şərtlərin yer aldığı sənəd müxtəlif qurumların korrupsiyaya qarşı mübarizənin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradacaq. «Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb edilibdir və bu məsələlər ictimailəşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır» söyləyən Prezident İlham Əliyevin imzaladığı bu sənəd dövlət orqanları ilə ictimaiyyət arasında şəffaflıq körpüsü olacaq.
Qeyd olunduğu kimi, respublikamızın sosial-iqtisadi inkişafına, sabitliyə, milli təhlükəsizliyə mənfi təsir göstərən, dövlət siyasətimizin başlıca amili olan sosial ədalətə kölgə salan, sahibkarların fəaliyyətini ləngidən və süni törədilən maneələrə qarşı mübarizə tədbirlərinin yer aldığı Milli Fəaliyyət Planı bütün dünya dövlətlərinin rastlaşdığı rüşvətxorluq və korrupsiya hallarına qarşı ən inanılmış hüquqi, ideoloji silahdır. Sənəddə qeyd olunduğu kimi, beynəlxalq və milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.
Milli Fəaliyyət Planında əsas strateji hədəflər aydınlığı ilə diqqətə çatdırılır. Qeyd olunur ki, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistemli tədbirlərin səmərəliliyini və davamlılığını təmin edəcək bu sənədin qəbulu zamanı tələbindən irəli gəlir. Aşkarlığın və ictimai nəzarətin gücləndirilməsi, antikorrupsiya standartlarının formalaşdırılması kimi mühüm vəzifələri təmin edəcək sənəddə yer alan əsas prioritetlər Prezident İlham Əliyevin əvvəllər söylədiyi bu tələb və tövsiyələrini əks etirir: «Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram…»

