Kəşfiyyatçının son döyüşü…
2016-cı ilin apreli…
O vaxtdan 6 il keçir…
Həmin il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycanın bir sıra mövqeləri və yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutdular. Ordumuzun bölmələri düşmən hücumlarının qarşısını alaraq bir neçə gün əks-həmlə əməliyyatları apardı. Dörd gün davam edən Aprel döyüşləri zamanı ordumuzun hərbi qulluqçuları Tərtər rayonunun Talış kəndi ətrafındakı bəzi yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində bir sıra mövqeləri düşməndən təmizlədilər.
Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər öz başlanğıcını həmin döyüşlərdən götürmüşdü. Aprel döyüşləri dörd il sonra əldə edilən Qələbənin cığırını açmışdı.
ARANTV.AZ xəbər verir ki, həmin döyüşlərində sinəsini düşmən gülləsinə sipər edərək Qələbədə pay sahibi olanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Teymur Qasımovdur.
Qasımov Teymur Sabir oğlu 1992-ci il yanvarın 4-də Mingəçevir şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Hacıqabul rayonunda yerləşən Daxili Qoşunların “N” saylı hərbi hissəsində keçib. Hərbi xidmətini bitirdikdən bir müddət sonra, yəni 2012-ci ilin yanvar ayında “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na daxil olub və kəşfiyyatçı manqa komandiri ixtisasına yiyələnib. Həmin ilin aprel ayında kursu uğurla bitirərək Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı manqa komandiri kimi xidmətə başlayıb. 2014-cü ilin iyun ayında Xüsusi Təyinatlı Qüvvələrin kursuna seçilib. 2014-cü ilin dekabrında kursu bitirərək xüsusi təyinatlı qüvvələrin döyüş qruplarından birində kəşfiyyatçı kimi gizir rütbəsində xidmətə başlayıb. Xidməti dövründə dəfələrlə məxfi əməliyyatlarda iştirak edib. 2016-cı il aprel ayında başlayan Aprel döyüşləri zamanı düşmən hücumunun və təxribatının qarşısını almaq üçün ön xəttə göndərilib və Talış kəndi uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Döyüşlər zamanı – aprelin 3-də yaralı döyüş yoldaşını savaş meydanından çıxarmaq istəyərkən minaya düşərək şəhidlik zirvəsinə ucalıb.
Aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Altı il əvvəl Teymur kimi qəhrəmanların öz canları, qanları hesabına qazandıqları Qələbə minlərlə gəncin qəlbində qığılcıma döndü. Həmin qığılcım dörd ildən sonra – 2020-ci ilin sentyabrın 27-də böyük bir alova çevrilərək 44 günün sonunda möhtəşəm Zəfər məşəli ilə bütün dünyanın gözünü qamaşdırdı.
Neçə əsrlər keçsə də, həm Qələbəyə aparan cığırda, həm də Zəfər yolunda qəhrəmanların izlərini nə fırtınalar, nə də leysan yağışlar silə biləcək…

