Region Xəbərləri 

Danışıqların əsasını Azərbaycanın irəli sürdüyü təkliflər təşkil edir

Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bütün istiqamətlərdə Azərbaycanın dinamik inkişafına şərait yaradır. Bu siyasətin əsas motivlərindən biri Azərbaycanın milli maraqlarının təmin olunmasını özündə cəmləşdirən ardıcıl və məqsədyönlü xarakter daşımasıdır. Beynəlxalq hüquqa hər zaman hörmətlə yanaşan, məsuliyyətli tərəfdaş olduğunu təsdiqləyən, sülhün və əməkdaşlığın tərəfdarı olduğunu dəfələrlə açıqlayan Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyəti, düzgün və sərt siyasi mövqeyi sayəsində mühüm diplomatik uğurlar qazanmaqdadır. Bu mənada Brüssel görüşünü növbəti diplomatik uğurumuz olaraq qəbul edirik.

Çünki, Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Brüssel görüşünün tərəflər arasında gərginliyi azaltması, vəziyyəti sülhə və razılığa doğru daha da yaxınlaşdırması baxımından çox mühüm əhəmiyyəti vardır. Çünki, bu görüşdə əldə olunan razılıq gərginliyin azalmasına xidmət edir. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.

Hazırkı mərhələdə postmüharibə dövrünün ən vacib məqamları işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərinin fəal şəkildə həyata keçirilməsidir. Bu məsələlərdə Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Xüsusilə infrastruktur layihələr müstəvisində əməkdaşlıq diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır. Nəzərə alsaq ki, hazırda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq və tikinti işləri aparılır, irimiqyaslı infrstruktur layihələrin icrası həyata keçirilir bu əməkdaşlığın əhəmiyyətini dərk etmiş olarıq.

Müharibənin bitməsindən elə də böyük zaman keçməyib. Buna baxmayaraq, dövətimiz tərəfindən görülən işlər həm keyfiyyətinə, həm də kəmiyyyətinə görə diqqət çəkir. Təkcə öz rayonumuzu nümunə göstərsək görülən ümumi işlərin miqyasını təsəvvür etmək çətin olmaz.

44 günlük Vətən müharibəsi nəticəsində Füzuli şəhəri və 61 kəndimiz işğaldan azad edildi. Hazırda bu ərazilərdə müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur, strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu çəkilir. Füzuli Beynəlxalq Hava Limanı artıq istifadədədir. Ərazinin enerji təminatında mühüm əhəmiyyətə malik Füzuli yarımstansiyası artıq fəaliyyətdədir. Füzuli şəhərinin Baş Planı təsdiqlənib. Bütün bu görülən işlər dövlətimizin iqtisadi gücünün və ölkə başçımızın bizlərə göstərdiyi diqqət və qayğısının nəticəsində həyata keçirilir.

Eyni zamanda Prezident İlham Əliyev dünya dövlətlərinin müsbət maraqlarını Azərbaycana yönəltmək üçün fəal xarici siyasət aparır. Bu siyasətin uğurluluğunu nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana rəsmi mövqeləri sübut edir. Təbiidir ki, Avropa İttifaqının ölkəmizə olan münasibəti də Prezident İlham Əliyevin qazandığı siyasi uğurların nəticəsidir. Bəllidir ki, Avropa İttifaqı dünyada mövcud olan on böyük siyasi və iqtisadi mərkəzlərdən biridir. Bu təşkilat qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.

Məhz Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.

Biz də bir vətəndaş olaraq Prezident İlham Əliyevin apardığı siyasəti bütünlüklə dəstəkləyirik. Hər zaman ölkə başçımızın ətrafında bir yumruq kimi birləşməyə hazır olduğumuzu bildiririk.

Hikmət Xudiyev, 
Füzuli rayon Horadiz şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi

Daha çox xəbərlər