Region Xəbərləri 

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib.

Aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələri diplomatiyamızın növbəti parlaq qələbəsi, dövlətimizin başçısının milli maraqlara əsaslanan qətiyyətli siyasətinin təntənəsidir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə növbəti üçtərəfli görüş keçirilmişdir.
Görüşün nəticələri Azərbaycanın Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunun gələcəyi naminə müəyyənləşdirdiyi gündəliyin təsdiqi deməkdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün nəticələrinə həsr olunmuş bəyanatı Azərbaycanın yaratdığı yeni reallıqları da özündə təcəssüm etdirir.
Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir və onun məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır: “Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yaranmış Brüssel sülh gündəliyi çərçivəsində keçirilmiş növbəti görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məhz, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Eyni zamanda, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradıb, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Avropa İttifaqının dəstəyi ilə işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərilməsi, həmçinin nəqliyyat-kommunikasiya xətlərinin bərpası, yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alınıb.
Bəyanatda qeyd olunduğu kimi, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Yəni Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Azərbaycanın əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir. Razılığa gəlinən digər məsələ isə sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədardır. Tərəflər sərhəd məsələləri üzrə birgə xüsusi komissiya yaradacaqlar. Bu komissiyanın işi sərhədlərin delimitasiyası və sərhəddə gərginliyin aradan qaldırılması işlərindən ibarət olacaq. Bu da tərəflər arasında etimad quruculuğu baxımından vacibdir.
Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib. Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da artıb. Bundan əlavə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə cənab Prezident İlham Əliyev arasında olan intensiv dialoq və təmaslar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılmasını şərtləndirən mühüm amillərdir.
Bir sözlə, cənab Prezident İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir
YAP GÖYÇAY RAYON TƏŞKİLATININ GÖYÇAY GƏNCLƏR VƏ İDMAN İDARƏSİ ƏRAZİ PARTİYA TƏŞKİLATININ SƏDRİ : ELŞƏN ŞİRİNOV

Daha çox xəbərlər