Region Xəbərləri 

Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək, həm böyük qürurdur, həm də böyük məsuliyyətdir.

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı idmançılarımızın böyük qələbə ilə qayıtmasından qürur duyduğunu deyib: “Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar.
Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar.Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür.
Ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.
Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş milli idman növüdür. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir.
Azərbaycanda idman və gənclər siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Artıq neçə vaxtdır ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər.
Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Ölkə Prezidenti İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Prezident cənab İlham Əliyev idmana yüksək qayğının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdü, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-şanlı idmançıları üçün aylıq təqaüd təsis etmişdir.
44 günlük şanlı Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımız öz vətənpərvərliyi və qəhrəmanlığı ilə bir daha dünyaya özünü tanıtdı.
Gənclərimiz 44 günlük Vətən müharibəsində olduğu kimi idman sahəsində də möhtəşəm bir uğur qazandılar.
Azərbaycan xalqının, Azərbaycan gəncliyinin əzmkarlığı, böyük ruh yüksəkliyi ilə Vətən müharibəsində əldə etdiyi şanlı qələbə müasir tariximizdə yeni səhifələrin açılmasını şərtləndirdi. Bu baxımdan, sevincini yaşadığımız parlaq qələbələrinmemarı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin aşağıdakı fikirləri Azərbaycan dövlətinin strateji baxışlarını aydın ifadə edir: “Müharibə başa çatandan sonra nəinki bölgə, həm də dünya dəyişəcək. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlanacaq”.
Dövlət başçısı Azərbaycanın gənclərinin hər sahədə öz gücü ilə rəqibini yerində oturtmağı bacardığını da deyib: “Mən Budapeştdə keçirilmiş çempionatın gedişatına da nəzər yetirirdim, baxırdım, görürdüm ki, ən çətin anlarda rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. Buna fikir verərkən yenə də İkinci Qarabağ müharibəsindəki hadisələr yadıma düşdü, o vaxt da mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı, ən çirkin əməllərə. Dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu. Amma mən o vaxt demişdim, hələ müharibə gedə-gedə demişdim ki, biz ermənilərin əməllərini heç vaxt təkrar etməyəcəyik”.
Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Çünki idmanımızdakı nailiyyətlər qalibiyyət simvolumuzun təzahürüdür. Dövlət başçımızın vurğuladığı bu fikirlər uğurlarımızın tarixi Zəfərimizdən doğan növbəti qələbələrimizin müjdəçisidir və eyni zamanda, gücümüzün, qüdrətimizin bariz nümayişidir.
Vasif Orucov,
Zəngilan rayon İcra hakimiyyətinin əməkdaşı

Daha çox xəbərlər