Region Xəbərləri 

Prezident İlham Əliyevin 6 aprel tarixli Brüssel səfəri ölkəmizin növbəti siyasi-diplomatik qələbəsidir

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Görüşdə dövlətimizin başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirdi və ötən ilin dekabrında keçirilmiş üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bu gün keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirdi.Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli gündəliyə dair məsələlər müzakirə edildi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf etdiyi qeyd olundu.Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparıldı.Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda əks olunmuş məqamlar da Azərbaycanın siyasi-diplomatik qələbəsinə şahidlik etdi. Belə ki, Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etməsi Azərbaycanın “münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır” mövqeyini dəstəklədiyini isbatlayırdı. Eyni zamanda, Avropa İttifaqı Şurası Prezidentinin Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etməsi İttifaq tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyi kimi qəbul edilməlidir. Digər tərəfdən, Şarl Mişelin bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr görüşləri, bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etməsi də Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bütün bunlarla yanaşı, Şarl Mişelin itkin düşmüş şəxslər, humanitar minatəmizləmə səyləri, reabilitasiya və rekonstruksiya fəaliyyəti, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi, birgə iqtisadi əməkdaşlıq platformasının və regionda komunikasiya infrastrukturunun yaradılması, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi kimi mühüm məsələlərə müsbət mövqe və dəstək ifadə etməsi bir daha Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərirdi.
Cənab Prezidentin Brüssel səfərinin nəticələri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.
YAP Göyçay rayon təşkilatının şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədr müavini : Rəşad Kərimov

Daha çox xəbərlər