Dövlət başçımızın uğurlu diplomatiyasının məntiqi nəticəsi
Ölkəmizdə xarici siyasət kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Son illərdə beynəlxalq aləmdə qazandığımız uğurlar bir daha təsdiqləyir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, qlobal təhlükəsizlik məsələlərinə və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilir.
2021-ci il dekabrın 14-də ilk üçtərəfli görüş keçirilib, bununla da cənab Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb və telefon danışıqları baş tutub.
Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, Paşinyan aprelin 6-da Brüsseldə keçirilən görüşü zamanı da zərbə aldı. Paşinyan bunu bilməlidir ki, bütün müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman «Dəmir yumruq» yenidən işə düşə bilər.
Aprelin 6-da keçirilmiş görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və eyni zamanda bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar olaraq hər iki ölkənin Xarici İşlər nazirliklərinə təlimat verilib. Sülh razılaşmasının əsas mahiyyəti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Təqdim olunan Bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Diqqət çəkən digər mühüm məqam “Dağlıq Qarabağ” ifadəsinə və keçmişin qalığı olan ATƏT MQ həmsədrlik institutina istinad yoxdur. Bütün bunlar deməyə əsas verir ki, Avropa İttifaqı 44 günlük müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığa əsaslanır. Eyni zamanda münaqişə həll olunduğu üçün ATƏT Minsk Qrupunun lazımsız təsisata çevrildiyini qəbul edir. Beləliklə, şərtləri birmənalı olaraq diktə edən tərəf qalib ölkə olan Azərbaycandır. Şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən qətiyyətli siyasət öz sözünü deyir.
Bu gün Azərbaycan nüfuzlu ölkə kimi Avropa İttifaqında geniş nüfuz sahibinə çevrilmişdir. Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixli Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri ilə görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.
Brüssel görüşünü və tərəflər arasında aparılan dörd saatlıq danışıqların nəticələrini Azərbaycan üçün qənaətbəxş qiymətləndirmək olar. Ümumiyyətlə bu görüşün baş tutması, liderlərin təmasları və danışıqlarda Azərbaycanın maraqlarının tam qorunması Prezident İlham Əliyev diplomatiyasının daha bir qələbəsidir.
Tərtər rayon M.Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbin direktoru, YAP fəalı- İsayev Elşən

