Region Xəbərləri 

Beynəlxalq yarışlarda iştirak edən hər bir azərbaycanlı Müzəffər Xalqı təmsil edir

Bir neçə gün bundan əvvəl Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutmuş güləş üzrə Avropa çempionatında güləşçilərimiz ölkəmizi layiqincə təmsil edərək 16 medal qazandı. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qələbədə əsas pay sahibi olan idmançılarımızla görüş keçirmişdir. Ölkə Prezidenti görüş zamanı qeyd etmişdir ki, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. Qeyd etmək lazımdır ki, Avropa çempionatında qazanılan medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci olaraq, Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırdılar. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Azərbaycanlı idmançıların son yarışlarda əldə etdiyi uğurlar və qələbələr göstərir ki, gələcək yarışlarda da Azərbaycan mütləq birinci sıralarda olacaq. Möhtərəm Prezident İki ildən sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına diqqət çəkərək vurğulamışdır ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.
Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi günü-gündən daha da gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə almalıdır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbə və son idman yarışlarında idmançılarımızın əldə etdiyi uğurlar bütün dünyada ölkəmizin gücünü, eyni zamanda gənclərimizin vətənpərvərliyini, vətənə bağlılığını və şücaətini nümayiş etdirir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər.
İdman yarışlarında ölkəmiz üçün ən sevindirici hallardan biri də o olmuşdur ki, idmançılarımız bütün yarışlarda ləyaqətlə çıxış edir, öz gücləri hesabına qələbələr əldə edir və ölkəmizi layiqincə təmsil edirlər. Həm döyüş meydanında düşmənlərimiz, həm idman yarışlarında rəqiblərimizin əl atdığı çirkin əməllərə əhəmiyyət verməyən gənclərimiz rəqiblərini bu əməllərinə görə peşman edərək hər iki tərəfdə layiqli qələbə qazanırlar. Bütün Azərbaycan xalqı ləyaqətin qələbədən daha vacib olduğunun fərqindədir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalı və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər.

Daha çox xəbərlər