Prezident İlham Əliyevin Azərbaycan millisinin üzvləri ilə görüşü
Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Haşiyə çıxıb qısa xatırlatma edək: Dövlətin gənclər siyasəti -gənclərin öz bilik və bacarıqlarını reallaşdırması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.
Son illərdə Azərbaycan gənclərinin idman sahəsində qazandıqları nailiyyətlərin xüsusilə diqqətəlayiq olduğunu bildirən Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, gənclərin fiziki tərbiyəsi və sağlamlığı əsas prioritetlərdəndir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edirlər. XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın 200 ölkə arasında 30-cu yeri tutması ölkəmizdə idmanın inkişafının göstəricisidir. I Avropa və IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin daha çox medal qazanan ölkə kimi ilk sıralarda yer alması gənclərə göstərilən diqqətin ifadəsidir.
Ülvi Rufullayev – Masallı rayon Binə Xocavar kənd sakini

