Siyasət 

Avropada birinci olmaq böyük nailiyyətdir.

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən ölkə millisinin üzvləri ilə görüş keçirib.
Güləşçilərimiz Azərbaycanın idman şöhrətini yüksəldən yeni bir uğura imza atıblar. Budapeştdə keçirilmiş Avropa çempionatında onlar bir daha xalqımızı sevindirib, böyük qələbə ilə Vətənə dönüblər. 16 medal qazanmış idmançılar nəyə qadir olduqlarını bir daha sübut ediblər.
Əlbəttə, Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanıb. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Görüş zamanı dövlət başçsı qeyd edib ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamurlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Bildirilib ki, vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır, öz taleyini özü həll edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
İlham Əliyev göstərib ki, gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər.

Daha çox xəbərlər