İdmanda qazandığımız uğurlar ölkəmizin nüfuzunu daha da artırır
İdman sağlamlığın mənbəyidir. Gənc nəslin sağlam, vətənpərvər yetişməsi cəmiyyətdə ən vacib amillərdəndir. Hər bir xalqın, hər bir millətin bütün dövrlərdə sağlam gəncliyə ehtiyac duyduğu danılmazdır. Bu baxımdan idmana göstərilən diqqət və qayğı olduqca əhəmiyyətlidir.
Azərbaycan idmanının dirçəlməsi, inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlandı. Belə ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, eləcə də ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.
Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkəmizin idman sahəsində də mühüm uğurlara imza atmasını təmin etdi. Respublikamızda idmanın yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.
Son dövrlər idmançılarımızın ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edərək böyük uğurlar qazanmaları hər birimizi sevindirir və qürurlandırır. Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımızqazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Qalib ölkəni təmsil edən idmançılarımız üçün cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.
Bütün Respublikamızda olduğu kimi bizim rayonumuzda da idmana göstərilən dövlət qayğısının müsbət nəticələri göz önündədir. Horadiz şəhərində Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Burada gənc və yeniyetmələrin idmanla məşğul olmaları üçün bütün şərait yaradılıb. Dövlət tərəfindən inşa olunan məktəblərimizdə geniş, rahat idman zalları mövcuddur. Rayonumuzda uşaqların idmana olan marağını artırmaq, idmanın kütləviliyini təmin etmək məqsədilə mütəmadi olaraq müxtəlif idman yarışları təşkil olunur.
Möhtərəm Prezidentimiz idmançıların böyük dostu və hamisidir. İdman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, görülən işləri yüksək qiymətləndirirlər. Eyni zamanda, bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də təqdir olunur. Bu, təsadüfi deyil, çünki Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir.
Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərb və siyasət meydanında qalib olan ölkəmiz idman aləmində də hər zaman birinci və qalib olacaqdır. Çünki, Qələbə Azərbaycana çox yaraşır.
Nurlan Məstəliyev,
F.Zalov adına Horadiz şəhər 3 №-li tam orta məktəbin fiziki tərbiyə müəllimi

