İdmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir
Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi yaradır. İdmanın inkişafı istiqamətində həyata keçirilən siyasət nəticəsində ölkəmizdə müasir idman infrastrukturu yaradılıb. Bunun nəticəsidir ki, minlərlə yeniyetmə və gənc idmanla peşəkar və həvəskar formada məsğul olur. Dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub. Hazırda idman sahəsi də digər sahələr kimi sosial-siyasət kursunun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir.
İdman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədə uğurlarımız ildən-ilə artmaqdadır. Ölkəmiz artıq beynəlxalq səviyyəli nüfuzlu idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq idman ailəsində layiqli yer tutur. Sözsüz ki, bu uğurların təməli Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra Azərbaycanda digər sahələr kimi idman sahəsi də inkişaf etməyə başladı. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu sahənin inkişafına xüsusi diqqət göstərir.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşlarımızın fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına əlverişli şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb.
Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının inşa edilərək istifadəyə verilməsi buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir.
İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatına, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.
Azərbaycanın idmanının tarixində ən mühüm hadisələrdən biri də ötən il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyunun Bakıda keçirilməsi olub. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri kimi tarixə düşdü. Bu idman yarışı ölkəmizdə yüksək səviyyədə təşkil edildi.
2022-ci ildə də ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi etməyə davam edəcək. Gimnastika üzrə dünya kubokları, həmçinin dünya çempionatları, Formula-1 Azərbaycan Qran-Prisi, cüdo və güləş üzrə beynəlxalq yarışlar Bakıda keçiriləcək.
Aprelin 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən bəyan edib ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir: “İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”. Məlum görüşdə Ali Baş Komandan, Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır: “Əminəm ki, Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz.”
Güləş ölkəmizdə ən populyar, ən məşhur idman növüdür. Prezident İlham Əliyev xüsusi olaraq qeyd edir ki, həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə, əlbəttə ki, xüsusi diqqət yetirməlidirlər. Ölkə başçısı, həmçinin gələcək yarışlarda Azərbaycanın birinci sıralarda olacağına əminliyini ifadə edib: “Gələcək yarışlara gəldikdə isə iki ildən sonra Yay Olimpiya Oyunları keçiriləcək. Vaxt az qalıb və hesab edirəm ki, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar, düzgün təlim-məşq toplanışları, yarışlar müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq və Yay Olimpiya Oyunlarında da biz bir daha ölkəmizin gücünü, idman gücünü göstərəcəyik.”
Ölkə başçısı tərəfindən idman sahəsinə göstərilən diqqət, qayğı idmançılara göstərilən etimad, eləcə də Prezident İlham Əliyev tərəfindən edilən təltiflərin hər biri idman ictimaiyyəti tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.





