Siyasət 

Ümumxalq sevgisinin təcəssümü

Dörd il öncə növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanan cənab İlham Əliyev Azərbaycanın xilaskar və alternativsiz lideri olduğunu bir daha təsdiqlədi

Hər bir xalqın yüksəliş salnaməsində, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Həmin şəxsiyyətlərin öz xalqı, dövləti üçün misilsiz xidmətləri əsrlərin və nəsillərin yaddaşına əbədi həkk olunub.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə həll edərək adını tarixə qızıl hərflərlə yazdıran Prezident İlham Əliyev məhz belə liderlərdəndir.

Qətiyyətli, prinsipial, vədinə sadiq lider

Cənab İlham Əliyevin düşünülmüş islahatları, müdrik qərarları cəmiyyətin inkişafında yeni səhifələr açıb, həyatımıza yeni reallıqlar gətirib, Azərbaycanı dünyanın öncül ölkələrindən birinə çevirib. Bu reallıqların fonunda Azərbaycan Prezidenti qloballaşan dünyanın Lider etalonuna çevrilib. Prezident İlham Əliyev Azərbaycanı fərqli mədəniyyətlərin dialoqu məkanına, tolerantlıq, multikulturalizm ünvanına çevirdi. Milli-mənəvi dəyərlərə, müxtəlif dinlərə və sivilizasiyalara hörmət ruhu ilə parlaq bir nümunə yaratdı. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl örnək kimi qəbul olunmağa başladı.

“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” – Prezident kimi ilk andiçmə mərasimində cənab İlham Əliyevin ölkə vətəndaşları qarşısındakı əsas sözü bu olmuşdu. O, ötən illər ərzində nəinki hər bir vətəndaşımızın, özünü Azərbaycana bağlı sanan hər kəsin ümid yerinə çevrildi. İnsanlarımızın təhlükəsizliyi, firavan həyatı, inkişafı naminə gördüyü işlərdən, atdığı ardıcıl addımlardan cəmiyyətimizin hər bir üzvü bəhrələnə bildi və bəhrələnməkdədir.

Ötən 18 ildə cənab İlham Əliyevin gördüyü fantastik işlər ona təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük şöhrət qazandırıb. Sadəliyi, səmimiliyi, milli təəssübkeşliyi, Azərbaycan sevgisi, Vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı, bəşəri duyğuları, insanlara canyanğısı, ən nəhayət, 44 günlük Vətən müharibəsində Baş Sərkərdə kimi Qarabağı işğaldan azad etməsi ona ümumxalq sevgisi qazandırmışdır.

Dörd il öncə, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin xalqın 86,02 faizinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi məhz bu sevginin, inamın əyani təzahürü idi. Xalq növbəti dəfə cənab İlham Əliyevi alternativsiz lider kimi qəbul edərək onu özünə rəhbər seçdi və bugünədək baş verən proseslər xalqın seçiminin nə dərəcədə doğru olduğunu göstərdi.

Hər zaman sözü ilə işi bir olan dövlət başçısı aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı bəyan etdi ki, Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi üçün bütün imkanları səfərbər edəcək. Belə də oldu. Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqlarının təmin edilməsi məsələsi son dörd ildə də cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil etdi. Ölkədə dayanıqlı inkişaf, sabitlik və əmin-amanlıq təmin edildi, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirildi.

Seçkilərdən dərhal sonra özünün yeni islahatlar paketini təqdim edən Prezident İlham Əliyev inkişaf strategiyasının 11 istiqamət üzrə yol xəritəsini müəyyənləşdirdi. Ötən dörd il ərzində də Prezidentin hər zaman xalqının yanında olduğunun, onun problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Bayram və şad günlərdə hər zaman xalqla birlikdə olan Prezident dar gündə də xalq ilə təmasda oldu, ictimaiyyətlə görüşlərində, bölgələrə səfərlərində vətəndaşları narahat edən problemləri birbaşa dillərindən dinlədi, onların həlli ilə bağlı yerindəcə göstərişlər verdi.

Ümumiyyətlə, dövlət başçısı mütəmadi olaraq  paytaxtda və bölgələrdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar xalqın cənab İlham Əliyevə olan inamını daha da artırdı. Bu amillər həm də Prezidentlə  xalqın birliyi konsepsiyasının əsas qayəsini təşkil etdi.

Ən islahatçı Prezident

Son dörd ildə cənab İlham Əliyevin mütərəqqi islahatları bir çox sahələri əhatə etdi. İqtisadi islahatlarla yanaşı, reallaşan siyasi islahatlar daha çevik idarəetmə strukturunun yaradılması ilə nəticələndi. Dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atıldı. Həmçinin Prezident Administrasiyasının, Nazirlər Kabinetinin və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparıldı.

Növbədənkənar parlament seçkiləri də bu islahatların tərkib hissəsi oldu. 2019-cu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də geniş islahatlar aparıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan bu Fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi.

Görünən odur ki, bütün bunlar dövləti gücləndirir, insanların rifah halını yüksəldir, dövləti, dövlət məmurlarını xalqa daha da yaxınlaşdırıb, doğmalaşdırır. Aparılan islahatların mərkəzində həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai mövqeyi dayanır. Dövlət başçısının verdiyi strateji qərarların, islahatların aparılması, müsbətə doğru dəyişikliklərin həyata keçirilməsi niyyəti ilə qarşıya qoyduğu vəzifələrin uğurlu icrasını, öz məqsədinə çatmasını təmin edən başlıca amil də elə məhz Mehriban xanım Əliyeva şəxsiyyətidir, Mehriban xanım Əliyeva mövqeyidir. Mehriban xanım bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir, gördüyü işlərlə xalqın istəklərini yerinə yetirən, insanların ümidlərini doğruldan ləyaqətli və parlaq simadır.

Fəaliyyəti ədalətə, humanizm və mərhəmət prinsiplərinə söykənən cənab İlham Əliyev son 4 ildə də ənənəsinə sadiq qalaraq yeni əfv sərəncamları imzalamaqla minlərlə ailəyə sevinc payı bəxş etdi. 2018-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan Sərəncam isə ən böyük əfv Sərəncamı (634 məhkuma şamil edilib) kimi tarixə düşdü. Hamımıza məlumdur ki, bu kimi əfv sərəncamları 2019 və 2020-ci illərdə də tətbiq olunub. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında”  2021-ci il 5 noyabr tarixli amnistiya aktı təxminən 17 min 267 şəxsə şamil olunmuşdur. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.

Məlumata görə, amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb.

Bütün bu islahatlar, əlbəttə ki, beynəlxalq səviyyədə təqdir edildi. Azərbaycan Prezidentinin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində aparılan kompleks islahatlar ölkəmizin yeni rekordlara imza atmasına imkan yaratdı. Təsədüfi deyil ki, dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının “Doing Business-2019” hesabatı cənab İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Çünki hesabata əsasən Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olundu.

Dünyanı bürüyən qlobal böhran, pandemiya bəlası ilə mübarizə zamanı da dövlət başçısı İlham Əliyev mühüm təşəbbüslərlə çıxış etdi. Azərbaycan Prezidentinin bilavasitə qlobal Lider olaraq dünya səviyyəsində irəli sürdüyü təşəbbüslər, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb araşdırılması, eyni zamanda iqtisadi tənəzzüldən və bir çox sahələrdəki çətinliklərdən çıxmaqla bağlı birgə konkret tədbirlər planının hazırlanması dünya birliyi tərəfindən dəstəkləndi.

Prezidentin bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf  Bankı, Avropa Birliyi, BMT, Qoşulmama Hərəkatı, Türk Şurası kimi dünyanın bir çox aparıcı və nüfuzlu beynəlxalq təşkilatları və qurumları ilə əməkdaşlığa çağırışlarına verilən müsbət rəylər cənab İlham Əliyevin liderlik keyfiyyətlərinin, zəkasının, siyasi iradəsinin uğurlu göstəricisi kimi qiymətləndirilməlidir.

Baş Sərkərdənin tarixi Zəfəri

Ən nəhayət, Prezident İlham Əliyev Ali Baş Komandan kimi də verdiyi vədi gerçəkləşdirdi. Dörd il öncə andiçmə mərasimində Prezident bəyan etdi ki, Azərbaycan xalqı heç vaxt bu işğal faktı ilə barışmayacaq və torpaqlarımız düşmən tapdağından azad ediləcək. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.

2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi düşmənə tarixinin ən ağır zərbəsini vurdu. Düzdür, bu savaş zamanı Azərbaycana böyük təzyiqlər də göstərildi. Ancaq qətiyyətli siyasi iradə nümayiş etdirən cənab İlham Əliyev bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək, öz prinsipial mövqeyindən dönmədi.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası erməni təbliğatının illərlə yaratdığı mifi havaya uçurdu. Dünya Dağlıq Qarabağ probleminin mahiyyətinə varmağa başladı, Azərbaycan haqqında həqiqətlərə diqqət kəsildi. Beləliklə, beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişməyə başladı. Prezident İlham Əliyev Azərbaycanda dünyanın 50 ən güclü ordusundan birini qurdu. Və bu ordu işğalçıların təxribatlarına qarşı əks-hücum həmlələri ilə düşmənə öz gücünü layiqincə göstərdi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən savaşında qazandığı qələbə yeni bir reallıq yaratdı. Tariximizdə tamam başqa bir səhifə açdı, tarixin axarında böyük dönüş nöqtəsinə çevrildi. Azərbaycan Prezidenti təkcə 30 illik problemi həll etmədi, iki əsrin münaqişəsinə son qoydu. İki keşməkeşli yüzillik boyu ürəyimizdə qövr edən, əcdadlarımızdan üzü bəri bu yurdun insanlarına rahatlıq verməyən yaranı kəsib atdı.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün müddətində Ermənistanı təslim olmağa məcbur etdi. İkinci Qarabağ müharibəsi Böyük Zəfərimizlə bitdi. Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.

Bu şanlı Qələbədən sonra regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən doğma od-ocaq həsrətinə son qoyuldu.

Cənab İlham Əliyevin bu qələbəsi Azərbaycan tarixindəki böyük gözləntiləri reallığa çevirməklə möhtəşəmliyinə görə dünya siyasətində, dünya sərkərdəliyində, dünya hərb tarixində özünə daim parlaq yer tutacaq. Çünki bu, ən incə detalına qədər düşünülmüş, hər bir məqamı böyük strateq səbri, müdrikliyi, əzmi və qətiyyəti ilə nəzərə alınmış bir döyüşün zəfəridir.

Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. Bu müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özünəinam aşıladı, milli qürurumuzu yüksəltdi.

Vətən müharibəsində qazandığımız Qələbə cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi və tarixi Qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi.

Bu Zəfərlə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandana ümumxalq sevgisi daha da artdı. Dörd il öncə böyük etimad göstərərək cənab İlham Əliyevi özünə Lider seçən xalq bir daha seçimində yanılmadığını gördü. Hər bir vətəndaş əmin oldu ki, Azərbaycanı cənubi Qafqazın ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev ölkəmizi daha parlaq gələcəyə aparacaq alternativsiz liderdir.

Vaqif Şadlinski,
Bakı şəhəri, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri

Daha çox xəbərlər