Cəmiyyət 

Nazirlik dörd illik sosial siyasət hesabatı verdi – faktlar

Anar Əliyev: “Yaxın 2 ayda Birinci Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanacaq”

Aprelin 11-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev media nümayəndələri üçün mətbuat konfransı keçirib. “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusuna həsr olunmuş mətbuat konfransında son dörd ildə Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətləri, onlar üzrə əldə olunan nəticələr barədə məlumat verilib.

A.Əliyevin dediyinə görə, ötən dörd il ərzində ölkənin sosial inkişafı istiqamətində mühüm uğurlar əldə edilib. Nazir müavini bildirib ki, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının siyasətinin ana xəttini təşkil edir. Belə ki, Prezident İlham Əliyevin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə şəhid ailələri daha bir sosial dəstək proqramı ilə əhatə olunub. Söhbət 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat həcmində birdəfəlik ödəmənin verilməsindən gedir. Bu fərmanın icrası nəticəsində 12 min şəhidin 18 mindən çox vərəsəsinə birdəfəlik ödəmənin verilməsi təmin olunub.

Nazir müavini: "Bir ildə 68 500 nəfər işlə təmin edilib" - Şafaqna  Azərbaycanca

Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla isə daha bir mühüm proqramın icrasına hazırlıq işləri aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Bu zaman birinci qrup əlillər üçün 8800 manat, ikinci qrup üçün 6600 manat, üçüncü qrup üçün 4400 manat vəsait ödəniləcək.

“Yeni Müsavat”ın bu proseslə bağlı sualını cavablandıran A.Əliyevin verdiyi məlumata görə, hazırda ödəməni alacaq şəxslərin siyahısı tərtib olunur. Ödəmə bir neçə qurumun hərbi qulluqçularını əhatə edir. Nazir müavini qeyd edir ki, yaxın 2 ayda proses başa çatacaq və ödəmələrin verilməsinə başlanacaq: “Proses elə qurulacaq ki, qazilərimizin ödəməni almaq üçün nazirliyə müraciət etməsinə ehtiyac qalmayacaq”.

ƏƏSMN tərəfindən “Müharibə veteranı” adı veriləcək 44 günlük Vətən müharibəsi iştirakçılarının siyahısı tam formalaşdırılaraq onlara aylqı 80 manat təşkil edən Prezident təqaüdünün ödənişinə başlanıb.

Azərbaycanda şəhid ailələri və müharibə əlillərinə yönəlik sosial qayğı proqramlarından biri də onların dövlət hesabına mənzillə təminatıdır. A.Əliyevin dediyinə görə, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı  2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Ölkə Prezidentinin fərmanına əsasən 2025-ci ilədək daha 11 min nəfər mənzil və ya fərdi evlə təmin olunacaq. Bundan əlavə, Vətən Müharibəsi Qəhrəmanı adı verilən şəxslər də dövlət tərəfindən mənzillə təmin olunacaq.

Şəhid ailəsi və əlillər üçün sosial dəstək proqramlarından biri də onların avtomobillə təminatıdır. Son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

A.Əliyevin verdiyi məlumata əsasən son 4 ildə Azərbaycanda minimum əmək haqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artıb, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib: “2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin böyük bir hissəsini əhatə edən 3 sosial islahat paket icra olunub. Ölkədə həyata keçirilən məşğulluq siyasəti nəticəsində 2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əmək haqqı fondunda 2 dəfədən çox artım baş verib”.

Nazir müavini Özünüməşğulluq proqramının gedişi barədə də məlumat verib. Bildirib ki, 2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Dünya Bankının proqrama cəlb olunması nəticəsində 2025-ci ilədək əlavə olaraq 22 min şəxsin bu prorqam çərçivəsində aktivlərlə təminatı həyata keçiriləcək.

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə icra olunan “İşsizin dostu” proqramı çərçivəsində indiyədək 56 min nəfər ödənişli ictimai işlərə cəlb olunub.

A.Əliyevin sözlərinə görə, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan və 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir: “Hazırda DOST mərkəzlərində vətəndaşlara 156 xidmət təqdim edilir. İlk mərkəzin fəaliyyətə başlamasından ötən müddət ərzində vətəndaşlara 800 min xidmət təqdim edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin ”bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən DOST Agentliyinin bugünlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir”.

Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafata layiq görülüb - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkədə həyata keçirilən antkorrupsiya tədbirləri çərçivəsində ƏƏSMN sistemində də ciddi fəaliyyətlər reallaşdırılıb. Hazırda nazirliyin təqdim etdiyi 173 növ xidmətin 110-u elektron qaydada həyata keçirilir. 2022-ci il ərzində daha 50 xidmətin elektronlaşdırılması nəzərdə tutulur.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. 2019-cu ildə isə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri)  Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafat və təltiflərinə layiq görülmüşdü.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il 11 aprel tarixli Fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

Nazirlikdən verilən məlumata görə, Qayda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.

Bir il müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək  Xalqqazeti.com

Qeyd ediilən mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək, onların mənzillə təminatı proqramı daha da genişləndiriləcək.

Qaydaya əsasən, nazirlik həmin binalardan satışı nəzərdə tutulan mənzillərin sayını müəyyən edəcək və bu barədə məlumatı rəsmi internet saytında ictimaiyyətə açıqlayacaq. Satışa çıxarılan mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınacaq. Mənzillərin bazar dəyərini müstəqil qiymətləndirici müəyyən edəcək. Satış elanı verildiyi tarixdən 1 il müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək.

Mənzillərin satışı nazirliyin saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Onlayn qaydada satış zamanı nazirliyin saytı vasitəsilə mənzilləri əldə etmək istəyən hüquqi və fiziki şəxslərin qeydiyyatı və onların elektron kabinetlərində mənzillərin satışı ilə bağlı bildirişlərin yerləşdirilməsi və onlara satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olmaq imkanının yaradılması, mənzil seçiminin həyata keçirilməsi təmin ediləcək.

Satışa hazırlıq məqsədilə nazirlik mənzillərə dair məlumatları (mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının ünvanı, mərtəbələrin sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, mənzilin ümumi sahəsi, mənzildəki otaqların sayı, mənzilin təmir vəziyyəti, təmirin aparıldığı vaxt) hazırlayıb satış qiymətini müəyyən edəcək. Mediada və rəsmi internet saytında satışın başlanması tarixinə azı 15 gün qalmış satış elanı veriləcək.

Mənzillərin satışı nazirliyin saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılacaq. Mənzilin seçildiyi vaxtdan etibarən 10 gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdiriləcək.

Mənzili seçən şəxslə nazirlik arasında mənzilin seçimi başa çatdıqdan sonra 10 gün müddətində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılacaq.

Mənzilllərin hərrac vasitəsilə satışı qaydasını isə Nazirlər Kabineti dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq edəcək.

Daha çox xəbərlər