Müzəffər ölkəni və qalib xalqı təmsil edən idmançılarımız onlara göstərilən etimadı yenidən doğruldurlar
Son bir ayda güləş üzrə milli komandalarımız iki Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yüksək nəticələr qazanılıb. İdmançılarımız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu olub. Qeyd edək ki, iki komandamızın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur. Ölkə başçımız İlham Əliyevin göstərdiyi qayğı və diqqət güləşçilərimizə böyük stimul oldu.
Güləş Azərbaycanın ənənəvi idman növümüzdür və güləşçilərimiz bizim güləşimizi layiqincə təbliğ edirlər. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır. Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. Bu Azərbaycan üçün böyük qələbə və böyük nailiyyətdir. Müzəffər ölkəni və qalib xalqı təmsil edən millimiz 16 medal qazanmış və bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Qazanılmış medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Nəticədə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımızın Avropada birinci olmağı ölkəmiz üçün böyük uğur hesab olunur.
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən qeyd etmişdir: “Bu, sizin həyatınızda çox əlamətdar və unudulmaz hadisədir. Bu titul – Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Həm də biz hamımız sevinirik. Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.”
Millimizin idman sahəsində qazandığı nailiyyətlər Azərbaycanı dünyada təbliğ etməklə yanaşı gücümüzü göstərir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik hissləri, vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı. Vətən müharibəsində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək idmançılarımız üçün həm böyük qürur, həm də böyük məsuliyyətdir.
Millimizə gələcək yarışlarda yeni qələbələr və yeni uğurlar arzu edirik.
Fərid Mustafayev,
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ərazi partiyası təşkilatının sədr müavini

