“Qələbədən daha vacib ləyaqətdir!”
“Qələbədən daha vacib ləyaqətdir… Biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 8 aprel tarixində Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü zamanı söyləmişdir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarımız Budapeştdə keçirilmiş Avropa çempionatında bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.
Möhtərəm Prezidentimiz bildirib ki, istənilən idman növündə Avropada birinci olmaq böyük uğur hesab edilə bilər. Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürur, həm də böyük məsuliyyətdir.
Dövlət başçısı qeyd edib ki, “İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”.
Prezident xatırladıb ki, vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimiz və idman uğurlarımızdır: “Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər” – deyə dövlətimizin başçısı qeyd edib.
Həmin görüşdə qarşıdan gələn beynəlxalq miqyaslı yarışlar haqqında danışan möhtərəm Prezidentimiz cənab İlham Əliyev xatırladıb ki, iki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. O, əmin olduğunu bildirib ki, gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq: “Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır”.
Prezident İlham Əliyev həmçinin idmançılarımıza öz tövsiyələrini verib. Bildirib ki, vaxt az qalıb, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Dövlətimizin başçısı idmançılar qarşısında dayanan əsas vəzifənin bu günə qədər olduğu kimi, bundan sonra da ləyaqətlə təmsil etmək olduğunu deyib: “Haqlı qələbələri əldə etmiş Azərbaycan idmançıları rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər”.
Prezident İlham Əliyev idmançılarımızın zəfəri ilə 44 günlük Vətən Müharibəsi arasında paralellik apararaq bildirib ki, Azərbaycan xalqı istər döyüş meydanında, istərsə də, idmanda və həyatın bütün sahələrində ləyaqət amilinə üstünlük verib, düşməni ləyaqət prinsipləri əsasında məğlub etdiyini xatırladıb. Prezident xatırladıb ki, İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atıb, erməni ordusu dinc insanlara qarşı terror törədib. Ancaq bununla belə Azərbaycan əsgəri düşməni ləyaqətlə, döyüşərək məğlub edib: “Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu.
Ancaq Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab verdi. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik.
Qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb” – deyə dövlət başçısı qeyd edib.
Elməddin Əsgərxanov,
YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Nazırlı kənd tam orta məktəbin direktor müavini

