Cəmiyyət 

Sosial dövlət modelinin uğurlu tətbiqi

Azərbaycanda son prezident seçkilərinin keçirildiyi 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır

Dövlətimizin başçısı bütün dövrlərdə olduğu kimi, son 4 ildə də əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosialyönümlülüyünü ön planda saxlayaraq əhalinin  sosial rifah halının, güzəranının daha da yaxşılaşdırılması istiqamətində zəruri  addımlar atır. Prezident İlham Əliyevin tapşırıqları ilə ölkəmizdə başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı sahəsində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 il ərzində ciddi irəliləyişlərə imkan verdi.

Şəhid ailələri və müharibə əlillərinin hərtərəfli qayğı sosial siyasətin əsas istiqamətlərindən biridir

Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, məişət problemlərinin həlli istiqamətində görülən işlər, həyata keçirilən layihələr minlərlə insanı əhatə edir. Mütəmadi olaraq sözügedən kateqoriyalardan olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması məqsədilə tədbirlər keçirilir, şəhidlərin ailə üzvlərinə, qazilərə birdəfəlik ödəmələr edilir.

Cənab İlham Əliyevin 2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra imzaladığı ilk – 19 aprel 2018-ci il tarixli Fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübuta yetirir.Həmin Fərmanla, həmçinin 2019-cu ilin yanvar ayında imzalanan digər Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi – 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının – 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.

Tarixi Zəfərimizdən sonra da şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı icra olunub

Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı üzrə mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı dövlət başçısının Sərəncamı ilə 2021-ci ildə 5 dəfə genişlənib.  Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara  2018-ci ildə 626,  2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verildiyi halda, 2021-ci ildə  bu qəbildən olan insanlar üçün 3 min mənzil və fərdi ev verilməsi proqramı uğurla icra olunub. Bu isə 2018-ci ilə nisbətən 5 dəfə çoxdur.

Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.  Həmçinin dövlət başçısı İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Digər həssas qruplardan olanların (gözdən əlillər, dövlət uşaq müəssisələrinin məzunları) da ardıcıl şəkildə mənzillə təminatı həyata keçirilir.

Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı da uğurla davam edir. Son 4 ildə də 1450-dək, ümumilikdə isə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

Sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatının dayanması sosial ödənişlərin ardıcıl şəkildə artı­rılmasında da öz təsdiqini tapır

2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə yüksəldiyi ölkəmizdə əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdı. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib.

Eyni zamanda, 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb. 2020-ci və 2021-ci illərdə də sosial ödənişlərdə  növbəti artımlar (indeksasiya, təqaüd artımları) edilib. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olunub. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün illik əlavə olaraq 2,1 milyard manat ayrıldı.

Beləliklə, yalnız son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artıb. Minimum pensiyada 2,2 dəfə, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə  3 dəfədən çox artım baş verib. Ümumilikdə isə 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.

Dövlət başçısının tapşırıqlarına əsasən, məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın da davam etdirilməsinə imkan yaradıb. 2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın artım qeydə alınıb. İllik əməkhaqqı fondunda həmin dövrdə 2 dəfədən çox, 2022-ci ilin ilk rübündə isə 11,1 faiz artım olub.

Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəflərindən biri də  dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Ölkə Prezidentinin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il  9 avqust tarixli imzaladığı Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir.

Dövlət başçısının uğurlu sosial siyasəti ölkədə sosial infrastrukturun, o cümlədən sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. 2018-ci ildən sonrakı dövrdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib, Qəbələdə də Uşaq Reabilitasiya Mərkəzi açılıb. Qeyd edək ki, yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də fəaliyyətə başlayacaq. Yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verir. Son 4 ildə sosial xidmətlər, günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi  xeyli genişlənib. Sosial xidmət sahələrində daim təkmilləşdirmələr aparılıb və davam edir.

Əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılması ölkə Prezidentinin diqqət mərkəzində olmaqla aparılan sosial siyasətin hədəfləri sırasındadır. Bunun nəticəsidir ki, ölkəmizdə əlilliyi olan şəxslərin aktiv həyat tərzinə, bütün sahələrdə cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olmaları, yaradıcılıq potensiallarını dolğun şəkildə reallaşdıra və cəmiyyətə təqdim edə bilmələri üçün genişmiqyaslı işlər aparılır.

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə 22 oktyabr 2021-ci il tarixdə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılması bu istiqamətdə mühüm addımlardan biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən belə bir ilkin – ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanının Azərbaycanda açılması əlilliyi olan şəxslərin və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına dəstək verilməsi istiqamətində  dövlət tərəfindən fəal və məqsədyönlü siyasətin aparıldığını bir daha təsdiq edir. 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olan mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialını ortaya çıxararaq cəmiyyətə təqdim etmək, onların istedad və inteqrasiyasına dəstək göstərmək sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə xidmət edir.

Postmüharibə dövründə həyata keçirilən böyükmiqyaslı bərpa-quruculuq işlərinə, dünyanı sarsıdan qlobal pandemiyaya, iqtisadiyyatları geriləməyə sövq edən maliyyə böhranlarına baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır. Əksinə, son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlər davam etdirilmiş və bu tədbirlərin əhatə dairəsi daha da genişləndirilmişdir. Bu isə son nəticədə vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına xidmət edir.

Təhlildən göründüyü kimi, Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri də ardıcıl surətdə həyata keçirilir. Çünki bu, Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn siyasətdir.

Daha çox xəbərlər