Şəhid adının müqəddəsliyi
5 avqust 2000-ci ildə dağlar diyarı Lerik şəhərində dünyaya gələn Altay Tahir oğlu Mövlanov 44 günlük İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. Vətən yolunda canını qurban etdiyinə görə onun bu ölümü ömrünün sonu olmur. Necə deyərlər, 20 yaşında Altay əbədiyyət adlı dünyasına qovuşmaqla özünə ürəklərdə yurd-yuva qurur. Qərinələr keçəcək gələn nəsillər tərəfindən Altay Vətənini özündən artıq sevən igid, mərd döyüşçü, layiqli vətəndaş kimi hər an ehtiramla xatırlanacaq. Dövlət tərəfindən layiq görüldüyü “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları onun keçdiyi şərəfli yola nümunə olacaqdır.
Doğma Lerik şəhərində Vətən, torpaq sevgisi ilə boya-başa çatan Altay 2018-ci ildə əsgər yaşına çatanda sevinir. Axı, işğal olunmuş əzəli yurd yerimiz Qarabağ torpaqlardan erməni faşistlərini qovmaq onun ən böyük arzusu idi. Elə bu məqsədlə Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür. Ön cəbhədə xidmət edir, və bunu özünə şərəf bilir. Həm də səmimiliyi, mərdliyi Altaya əsgər və zabitlərin hörmətini qazandırır. O, hərbi təlimlərdə döyüş igidliyinə görə fərqlənir, eyni zamanda nümunəvi xidməti ilə əsgər yoldaşlarında Vətənə, torpağa məhəbbət hissi yaradır.
Altay əsgərliyi başa vurub Lerik şəhərinə qayıdır. Canına yağı dadanmış Vətən təəssübünü çəkən Altay bir aydan sonra düşməndən qisas almaqdan ötrü yenidən hərbiyə yazılır. İkinci Qarabağ müharibəsi başlanır. Müharibə ölüm-itim olsa da, Altay bunu sevinclə qarşılayır. Ona görə k, Vətən torpağını azad etmək, yağı düşməndən intiqam almaq zamanı çatmışdı. Lerikin qartal balası əlinə silah alıb ilk gündən odun-alovun içinə, vuruşa atılır. Vətəni öz qanı bahasına yaşadan qeyrətli oğullardan biri də məhz o olur.
Hər qarış Vətən torpağı uğrunda canından-qanından keçməyə hazır olan Altay Füzuli istiqamətdə gedən ağır müharibədə rəşadətlə, mətanətlə döyüşür və erməni dığalarının neçə-neçə texnikasını sıradan çıxarır, canlı qüvvəsini sarsıdır. Oktyabrın 18-də isə “ Vətən yaşasın “-deyə polad sinəsini gülləyə sipər edir. Və torpaq uğrunda axıtdığı qan qəhrəman əsgəri əbədiyyətə qovuşdurur. Onun qısa həyat yolu xalqı üçün Vətənə sevgi simvoluna dönür.
Bəli, Vətən, torpaq uğrunda şəhid olanların ömür əbədidir. Şəhid adının müqəddəsliyində Altay Mövlanovun yeri dünya durduqca saf ürəklər olacaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

