Ordumuzun qüdrəti Ermənistanı məcbur edir ki…
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir
Azərbaycan dövləti ordu quruculuğu prosesini davamlı olaraq sürətləndirir. Belə ki, 2021-ci ildə ordumuzun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Xüsusilə hərbi quruculuq, bütün qoşun növlərinin ən müasir texnika və silah-sursatla təchizatı və hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün bu sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycan Silahlı Qüvvələrinə ən müasir hərbi texnikalar, silahlar verilib. Ölkəmiz 2021-ci ildə yalnız yeni silah və texnikaların alınması ilə kifayətlənməyib. Həmçinin ötən il işğaldan azad edilmiş ərazilərimizdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması əsas vəzifələrdən biri olub. Belə ki, Xocavənd rayonunda Azərbaycan Ordusunun öz peşəkarlığını daha da artırması üçün ilk dəfə yeni hərbi birləşmə-istənilən hərbi vəzifəni icra etməyə malik olan Komando qüvvələri yaradılıb. Bu, ölkəmizin hərbi sahədə apardığı modern islahatların öndə gələnidir.
2022-ci ildə bu tip Komando briqadalarının sayının artırılması nəzərdə tutulur. Bu barədə Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib: «Müharibənin 44 gününün hər günü dərindən təhlil edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü – Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər. Biz isə sadəcə olaraq, komandoların sayını ildən-ilə artıracağıq… Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır.»
Ali Baş Komandan bu istiqamətdə işğalçı Ermənistanın durumunu bərbad adlandıraraq bildirib ki, bu ölkə nəinki ordusunu, hətta əhalisini maddi sıxıntıdan qurtara bilmir. Bu gün Ermənistan ordusu ən bərbad durumdadır. O ancaq xaricdən ayrılan yardımlar hesabına mövcuddur: «Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq.»
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların əməkhaqlarının davamlı olaraq artırılması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli 2021-ci ildə də mühüm məsələlərdən biri olub. Hərbi sahədə görülən bütün işlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş qabiliyyətini artırmaqla yanaşı, onun dünyanın ən güclü orduları arasında mövqeyinin də möhkəmlənməsinə təsir göstərib. Məhz buna görədir ki, ötən ilin sorğularına görə, Azərbaycan Ordusu regionun ən modern ordusu kimi qiymətləndirilib.
Bütün bunlara rəğmən demək olar ki, Azərbaycan Ordusu 2021-ci ildə və 2022-ci ilin ötən dövründə böyük işlər görərək Ali Baş Komandan tərəfindən qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirib. Təbii ki, qazanılan uğurlar yeni nailiyyətlərin əldə edilməsinə də şərait yaratdı. Məhz ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə aydın olub ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Bu barədə sözügedən müşavirədə ölkəmizin başçısı bildirib: « Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir… Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir.»

