Gənc nəslin idmana olan marağı bu sahədə yeni qələbələrə yol açır
Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirdi, böyük qələbə ilə Vətənə qayıtdılar. 16 medal qazanaraq Avropa birincisi olan güləşçilər bir daha Azərbaycanın idmanın şöhrətini yüksəklərə qaldırdılar və dünyanın tanınmış idman nəşrləri bu qələbədən bəhs etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa çempionu adını qazanmış güləşçiləri qəbul edərkən bildirdi ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. “İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”. Prezidentimiz xüsusi olaraq bir məsələyə diqqəti çəkdi ki, vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Bunun üçün gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Bu gün bütün Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbə xəbərlərinə sevinir və yetişməkdə olan gənc nəslin həmin idman növlərinə böyük axını başlayır.
Səbuhi İsmayılzadə
YAP Laçın rayon təşkilatı 1 saylı ƏPT sədr müavini

