Azərbaycanla sülh sazişinin imzalanması qaçılmazdır.
Ermənistanın inkişafı onun qonşu ölkələrlə olan münasibətindən asılı olacaq – bu fikirlər aprelin 12-də carı ilin 1-ci rübünün yekunlarına həsr olunan müşavirədə cənab Prezident İlham Əliyev tərəfindən söylənilmişdir. Müşavirədə çıxış edən dövlət başçısı dövlətimiz və xalqımız üçün vacib olan bir çox əhəmiyyətli məqamlara toxunmuş və qarşıda duran vəzifələrdən bəhs etmişdir. İlham Əliyev cənabları çıxışı zamanı ötən müddət ərzində ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd etməklə yanaşı xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz nəticəsində artıq münaqişə öz həllini tapmışdır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qalib ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməklə yanaşı eyni zamanda bu qələbə nəticəsində artıq regionda yeni reallıqlar meydana gəlmişdir. Bu yeni reallıqlar çərçivəsində Ermənistanla qarşılıqlı münasibətlərdə yeni mərhələnin əsası qoyulmuşdur. 6 aprel 2022-ci il tarixində Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dövlət başçısının iştirakı ilə keçirilən görüş və əldə edilən razılaşmalar deməyə əsas verir ki, bölgədə yeni geosiyasi vəziyyətin fonunda tezliklə iki dövlət arasında sülh müqaviləsinin imzalanması qaçılmazdır. Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə etdiyi son çıxışı və verdiyi bəyanatlardan anlaşılır ki, Ermənistan hakimiyyəti bölgədəki reallıqları və güc mərkəzinin Azərbaycana tərəf istiqamətləndiyini anlamaqdadır. Erməni baş nazir qeyd etmişdir ki, bölgənin lideri olan Türkiyə Respublikasının qardaşı və strateji müttəfiqi olan Azərbaycanla sülh sazişinin imzalanması qaçılmazdır.
Postmünaqişə dövrü ilə əlaqədar Ermənistan dövlətinin yeganə şansı Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Çünki 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan Azərbaycanla yanaşı qardaş Türkiyə Respublikası ilə də əlaqələr qura bilməmiş və bunun nəticəsində istər siyasi, istərsə də iqtisadi tərəfdən böyük itkilərlə üzləşmişdir. Beynəlxalq səviyyəli layihələrdən uzaq qalan Ermənistan təcrid olunmaqla yanaşı böyük gəlirlərdən də məhrum olmuşdur. İki dövlət arasında münasibətlərin normallaşması, telekomunikasiya və nəqliyyat əlaqələrinin bərpası ölkəmizlə yanaşı Ermənistanın da maraqlarına xidmət edəcəkdir. Ermənistan hakimiyyəti artıq anlamalıdır ki, 30 ilə yaxın davam edən münaqişə, Azərbaycanla düşmənçilik onların iqtisadiyyatını tamamilə məhv etməklə yanaşı, erməni əhalisinin böyük hissəsini yoxsulluğa düçar etmişdir.
Hazırki vəziyyətdə Ermənistanın demək olar ki, heç bir ehtiyatı yoxdur. Son statistik rəqəmlərə nəzər salsaq görərik ki, ölkənin borcları mövcud valyuta ehtiyatlarından dəfələrlə çoxdur. Məhz bütün bunları nəzərə alan cənab Prezident xüsusi olaraq qeyd etmişdir ki, Ermənistanın inkişafı qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İnanırıq ki, Ermənistan hakimiyyəti və erməni xalqı İlham Əliyev cənablarının bu fikirlərindən dərs alacaq və qonşu ölkələrlə birgəyaşayışın qaçılmaz olduğunu və Azərbaycanın regionda danılmaz liderlik mövqeyini qəbul edəcəkdir.
Samir Baxşiyev-YAP Siyəzən rayon təşkilatının sədri.

