Mircəlal Hüseynov işğaldan azad edilən ərazilərdə inşa edilən yarımstansiyalardan DANIŞDI
“Biz azad edilmiş ərazilərdə 2021-ci ildə doqquz yarımstansiya inşa etmişik. Bu stansiyaları yüksək gərginlikli 110 kvt-lıq elektrik xətləri ilə əlaqələndirmişik və dairəvi sxem yaratmışıq. Hazırda bu stansiyalar fəaliyyətdədir”.
ARANTV.AZ xəbər verir ki, bunu “Azərenerji” ASC-nin “Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Mircəlal Hüseynov deyib.
M.Hüseynov bildirib ki, Şuşadakı yarımstansiyada 75 kilometr uzunluğunda ikidövrəli 110 kvt-lıq elektrik xətti çəkilib və iki ədəd 25 meqavatt gücündə transformator quraşdırılıb:
“Burada üç gərginlik sinfi var – 110, 35, 10 kvt. Hazırda şəhərin bir hissəsi yarımstansiyanın 10 kvt-lıq qapalı paylayıcı qurğusu vasitəsilə qidalanır. Şuşa şəhərindən üzü Daşaltı istiqamətində yol tikintisi ilə əlaqədar təşkilatlar 35 kvt gərginliklə qidalanır. Şuşa şəhəri daimi, fasiləsiz elektrik enerjisi ilə təmin olunur”.
Onun sözlərinə görə, Laçında 110/35/10 kvt-lıq yarımstansiyanın inşasına başlanılıb:
“Eyni zamanda, Kəlbəcər yarımstansiyasından Qorçu yarımstansiyasına 42 kilometr uzunluğunda 110 kvt-lıq ikidövrəli elektrik xəttinin çəkilişinə də start verilib”.
M.Hüseynov qeyd edib ki, əgər Şuşa şəhərində elektrik enerjisi ilə bağlı əlavə güc artımı olarsa, quraşdırılmış iki ədəd 25 meqavatlıq transformatora bundan daha güclü transformatorlar əlavə ediləcək.

