Region Xəbərləri 

Azərbaycan idmançılarının daha bir tarixi zəfəri

Bu gün beynəlxalq arenada müstəqil siyasət yürüdən Azərbaycan dövləti öz tarixi keçmişinin milli-mənəvi dəyərlərinə, hümanizm prinsiplərinə bağlıdır. Tarixən idman dövlətlər, xalqlar arasında dostluq və birliyin yaradılmasında, müasir dünyada isə ölkənin beynəlxalq aləmdə tanıdılmasında ən əsas vasitələrdən biri olmuşdur.
Ölkəmiz üçün 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. “Sağlam bədəndə sağlam ruh olar” prinsipi ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqət göstərilməsi, paytaxt Bakıda və regionlarda idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması və eyni zamanda Olimpiya Oyunlarında idmançılarımızın iştirakının təmin edilməsi üçün böyük addımlar atıldı. Ölkəmizdə istər Olimpiya, istərsə qeyri-olimpiya idman növləri inkişaf yoluna qədəm qoydu.
Məhz görülən bu işlərin sayəsində idmançılarımızın bütün beynəlxalq yarışlarda qazandığı uğurlara şahid olduq. Ölkəmizin çoxlu sayda beynəlxalq yarışlara ev sahibliyi etməsi yekunda Azərbaycan dövlətinin beynəlxalq arenada həm də bir idman ölkəsi kimi tanınmağına səbəb oldu. Cənab Preizdent İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var.
Bu günlərdə Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha uğura imza ataraq xalqımızı sevindirdilər, böyük qələbə ilə Vətənə qayıtdılar. 16 medal qazanan komandalarımız həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə Avropada birinci oldular. Bu qələbə xalqımızın və Azərbaycan gəncliyinin 2020-ci ildə Vətən müharibəsindəki əldə etdiyi tarixi qələbəmizin davamıdır. Bəli, xalqımız daima qələbəyə layiqdir. Bu qələbəni qazanan yığma komandamız məhz vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında, ləyaqətlə, sülh sevərlik və insansevərlik prinsipi ilə tərbiyə olunan Azərbaycan gəncləridir. Əlbəttə, belə gənclər düşmənə döyüş meydanında, rəqiblərinə isə yarışda öz hünər gücünü göstərməyə qadirdir. Həm də axı, bu idmançılarımız yarışa çıxanda müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Onlar cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürur, həm də böyük məsuliyyət olduğunu çox yaxşı bilirlər.
İdman arenasında ən mötəbər yarış sayılan Yay Olimpiya Oyunlarının növbəti yarışları iki ildən sonra Parisdə keçiriləcək. Qarşıda duran bu kimi beynəlxalq idman yarışlarında milli komandamızı təşkil edən idmançılarımızın bir qalib kimi kürsülərdə hər zaman üç rəngli bayrağımızı dalğalandıracağına və dövlət Himnimizi səsləndirəcəyinə inamımız böyükdür. Göstərdiyi nəticədən asılı olmayaraq idmançılarımız hər zaman yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmələri olduqca qürürvericidir. Hər bir idmançı üçün qələbə önəmlidir, amma bu qələbənin idman qaydaları çərçivəsində əldə edilməsi də önəmli şərtdir. Ədalət, eyni zamanda, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməyi bacarırıq.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə 8 aprel tarixində olan görüşündə hər bir Azərbaycan vətəndaşının öz əməyi ilə ölkəmizi gücləndirməsini, məhz buna görə bu gün Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkə kimi tanınmasını və dünyada nadir ölkələrdən biri olaraq öz taleyini özü həll etməsini, öz siyasətini müstəqil şəkildə aparmasını və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazandığını bir daha vurğulamışdır.
Biz inanırıq ki, müstəqil Azərbaycan gəncləri öz uzaqgörən və qətiyyətli lideri və onun siyasəti ətrafında sıx birləşən xalqımızın sarsılmaz birliyi ilə hər zaman davamlı olaraq böyük uğurlara, zəfərlərə imza atacaqdır.
Şamxal Yaqubov,
YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə Regional “ASAN Xidmət” Mərkəzinin könüllülər üzrə məsul şəxs

Daha çox xəbərlər